Haqqında

Abdullayeva Hava Qara qızı 1959-cu il aprel ayının birində Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur.

1966-cı ildə Daş Salahlı kənd 2 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1976-cı ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir.  Həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Filologiya” fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin fakültəni filoloq,  Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə  bitirmişdir. Azərbaycan Respublikası Maarif  Nazirliyinin təyinatı ilə  Saatlı rayonuna göndərilmiş, 1982 - 1987-ci illərdə Saatlı şəhər 3 nömrəli orta məktəbində ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı, təlim-tərbiyə işləri üzrə direktor müavini, direktor vəzifələrində işləmişdir. 1987-ci ilin sentyabr ayında öz ərizəsi ilə rayon müəllimliyindən və tutduğu  vəzifədən azad olunmuşdur.

1988-ci ilin yanvar ayından Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun “Azərbaycan dilinin tədrisi metodikası” şöbəsində kiçik  elmi işçi kimi fəaliyyətə başlamış, 1998-ci ilin may ayınadək həmin şöbədə  baş elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmişdir.

1988-ci ildən Azərb.ETPEİ-nin “Azərbaycan dilinin tədrisi metodikası”  şöbəsinin dissertantı olmuş və 1992-ci ildə  “Azərbaycan dili dərslərində linqvistik eksperiment priyomundan istifadə təlim prosesini optimallaşdırmağın vasitələrindən biri kimi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

1998-ci ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasına dekan vəzifəsinə dəvət olunmuş, 2011-ci ilin sentyabr ayınadək  Bakı Qızlar Universitetində (əvvəlki Bakı Ali Pedaqoji Qızlar Seminariyasında)  “Sosial-iqtisadi” və “Filologiya-tarix”  fakültələrində  dekan kimi fəaliyyət göstərmişdir.

2011-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunda “Pedaqoji” fakültənin dekanı vəzifəsində işləmişdir. 

2014-cü ilin fevral ayından Bakı Qızlar Universitetində tədris işləri üzrə prorektordur.

Orta ümumtəhsil məktəbləri üçün bir neçə dərsliyin müəllifidir: 1991-ci ildə təlim rus dilində olan orta ümumtəhsil məktəblərinin 2-ci sinfi üçün  “Azərbaycan dili”  dərsliyi  “Maarif” nəşriyyatında çap olunmuşdur.  1995-ciildə həmin dərslk yenidən işləmiş  və bu dərslik 2009-cu ilədək “Maarif” , “7 gün”, “XXI əsr” nəşriyyatları tərəfindən müxtəlif illərdə təkrar nəşrlə çap olunmuşdur.

2007-ci ildə təlim gürcü dilində olan məktəblərin 2-ci sinfi üçün “Azərbaycan dili” dərsliyini hazırlamış və bu dərslik “Aspoliqraf” nəşriyyatında çap olunmuşdur.

2009-cu ildə yeni fənn kurikulumu əsasında təlim rus dilində olan orta ümumtəhsil məktəblərinin 2-ci sinfi, 2011-ci ildə isə 4-cü sinifləri üçün hazırlanmış “Azərbaycan dili” dərslik komplektləri (dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri) müsabiqədən keçərək “Kövsər” nəşriyyatında çap olunmuş və məktəblilərin istifadəsinə verilmişdir.

2012-ci ildə təlim rus dilində olan orta ümumtəhsil məktəblərinin 5-ci, 2013-cüildə 6-cı, 2014-cü ildə isə 7-ci sinifləri  üçün “Azərbaycan dili” dərslik komplektinin hazırlanmasında  əsas müəllif olmuşdur. Hər üç dərslik və müəllim üçün metodik vəsait “Kövsər” nəşriyyatında nəşr edilmiş  və məktəblilərin istifadəsinə verilmişdir.

H.Q.Abdullayeva bir sıra elmi-metodik və publisistik məqalələrin, eləcə də ali məktəblər üçün proqramların müəllifidir.

Başa dön