26
fevral

Xocalı faciəsinin qurbanları yad edilmişdir

Fevralın 26-da Bakı Qızlar  Universitetində  Xocalı faciəsinin  27-ci ildönümü  ilə əlaqədar anım mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə  Qarabağ  uğrunda gedən döyüşlərdə şəhid olan əsgərlərin, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad  etmişlər.

Tədbiri giriş sözü ilə açan universitetin elmi işlərüzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş verən faciə haqqında  danışaraq  günahsız, əliyalın insanların qətliamından söhbət açmışdır. Hadisələrdə erməni qəsbkarlarına havadarlıq edən rus alayı əsgərlərinin azğınlıqlarını xüsusi vurğulamışdır.

Məruzə ilə çıxış edən “Tarix” kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru İntiqam Cəbrayılov  Xocalı faciəsinə aparan səbəblərdən geniş bəhs etmişdir. Tarixən azərbaycanlılara qarşı soyqırımlar edən bədnam qonşularımızın həmin gecə  Xocalıda yaşlı insanlara, körpə uşaqlara, xəstə və şikəstlərə məhəl qoymadan süngüdən keçirməsini bəçəriyyətə qarşı qəddarlığın bariz nümunəsi kimi səciyyələndirmişdir.

Tədris işləri üzrə prorektor, pedaqogika üzrə fəlsəfə doktoru Hava Abdullayeva  tələbələrin timsalında müasir gəncliyi  bu faciələrdən ibrət götürməyə səsləmiş, gələcəyin müəllimlərini bu hadisələrə  daha həssas yanaşmağa,  dərs deyəcəkləri sinif və auditoriyalarda məktəblilərdə yüksək vətənpərvərlik, vətənə  məhəbbət hissi aşılamağa,  baş verən faciələri unutmamağa, əksinə,  onlardan nəticə çıxarmağa çağırmışdır.


Başa dön