15
dekabr

Tanınmış alimlə görüş keçirilmişdir

Dekabrın 15-də Bakı Qızlar Universitetində görkəmli tənqidçi və nəzəriyyəçi, ədəbiyyatşünas, respublika Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadənin 60 illiyi ilə əlaqədar tanınmış alimlə görüş keçirilmişdir.

Tədbirin əvvəlində Bakı Qızlar Universitetinin rektoru, professor A.Rəhimov görkəmli alim N.Şəmsizadənin həyat və yaradıcılığı haqqında giriş sözü söyləmiş, onun Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərindən danışmışdır. Sonra universitetin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Nizami Tağısoy “Ədəbiyyatın əbədiyyətinə inamla” mövzusunda məruzə ilə çıxış etmişdir. Filologiya üzrə elimlər doktoru, professor T.Salamoğlu, filologiya üzrə fəlsəfə doktoru, dosent İ.Ağakərimov, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, əməkdar jurnalist Qəmbər Ağayev və başqaları çıxış edərək Nizaməddin Şəmsizadənin yaradıcılığının ayrı-ayrı məqamlarına toxunmuş, əsərlərinin bədii məziyyətlərindən söz açmışlar.

Tədbirin sonunda yubilyar alim, professor Nizaməddin Şəmsizadə maraqlı görüş üçün universitein rəhbərliyinə minnətdarlığını bildirmiş, tələbələri maraqlandıran sualları cavablandırmışdır.


Başa dön