02
fevral

Gənclər Günü qeyd edilmişdir

Baki Qızlar Universitetində Gənclər Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirin əvvəlində universitetin rektoru, dosent Sevinc Rəhimova  hər il fevral ayının 2-nin respublikamızda Gənclər Günü kimi qeyd olunmasını ilk növbədə gənclərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi səciyyələndirmişdir. O, qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki hakimiyyət dönəmində gənc nəslin daha da inkişaf etməsi, cəmiyyətin bütün sahələrində üzləşdikləri problemlərin həlli istiqamətində görülən tədbirlər daim diqqət mərkəzində olmuşdur. Xüsusən də ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişindən sonra gənclərimizin müstəqil Azərbaycanın daha da çiçəklənməsi yolunda hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradılmışdir. Ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər forumlarının keçirilməsi, “Dövlət Gənclər Siyasəti haqqında” Qanunun qəbul olunması, Gənclər Gününün təsis edilməsi və həyata keçirilən saysız-hesabsız tədbirlər,  o cümlədən idman sahəsində qazanılan uğurlar və s. buna əyani sübutdur. Rektor  ulu öndərin bu uzaqgörən siyasətinin hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.

Sonra tədris işləri üzrə prorektor, dos. H.Abdullayeva, “Tarix” kafedrasının müdiri, prof. İ.Cəbrayilov, tələbələrdən Ə.Sadıqova, N.Məmmədova, N.Ağayeva, F.Manaflı, X.Bəylərzadə, B.Rzayeva, N.Məmmədzadə çıxış edərək bu gün gənclərimizin  hər bir sahədə aparıcı rol oynadıqlarını söyləmiş, bütün bu imkanların yaradılmasında ölkə rəhbərliyinin diqqət və qayğısını xüsusi qeyd etmişlər.

Tədbir universitet tələbələrinin hazirladığı maraqlı konsert proqramıilə başa çatmışdır.


Başa dön