23
fevral

Xocalı faciəsi anılmışdır

Xocalı faciəsi anılmışdır

Bakı Qızlar Universitetində Xocalı faciəsinin ildönümü dərin hüznlə qeyd olunmuşdur. Universitetin akt zalında keçirilən anım tədbirini giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor  İlahə Quliyeva 26 il bundan əvvəl-1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda erməni cəlladlarının törətdiyi qətliamın illər ötsə də unudulmayacağını xüsusi vurğulamaqla bu dəhşətli faciənin təşkilatçılarının öz əməllərinə görə gec-tez cavab verəcəklərinə əmin olduğunu söylədi.

Universitetin professoru, tarix üzrə elmlər doktoru İntiqam Cəbrayılov Xocalı soyqırımının  səbəblərini, həmin dövrdə respublikamıza rəhbərlik edən səriştəsiz hakimiyyət nümayəndələrinin yarıtmaz fəaliyyətlərini göstərdi, eyni zamanda həmin hadisələrdə erməni qəsbkarlarına havadarlıq edən Mərkəzin - rəsmi Moskvanın seyrçi mövqe tutmasını, ən nəhayət 366-cı motoatıcı rus alayı hərbçilərinin Xocalı qətliamında yaxından iştirakını elə düşmənə havadarlığın əyani nümunəsi kimi səciyyələndirdi.

Tələbələrdən Sidiqə İsgəndərova, Məftunə Cəfərzədə, Nərgiz Məmmədova, Nərgiz Ağayeva və başqaları Xocalı faciəsinin gənc nəslin yaddaşından heç zaman silinməyəcəyini, qətliam qurbanlarının daim qəlblərdə yaşayacağını, həmin gecə qocaya, uşağa, xəstəyə məhəl qoymadan hər birini gülləbaran edən erməni faşistlərinin isə həmişə lənətlənəcəyini bildirdilər.

Sonda yazıçı-dramaturq Ağarəhimin eyni ssenari əsasında çəkilmiş “Canavar balası” filminin nümayişi oldu.

     

Başa dön