Məmmədli İlham Müseyİb oğlu

MƏMMƏDLİ İLHAM MÜSEYİB OĞLU

Elmi işlər üzrə prorektor

Bioqrafiya

Məmmədli İlham Müseyib oğlu 1963-cü ildə Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olmuşdur. 1970-ci ildə Bəzirxana kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, 1980-ci ildə Zar kənd orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Zar 1 saylı sovxozda fəhlə kimi başlamışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 1983-1985-ci illərdə yenidən Zar 1 saylı sovxozda fəhlə işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olaraq 1990-cı ildə oranı bitirmişdir.

          Təyinatla “İşıq” nəşriyyatına kiçik redaktor vəzifəsinə göndərilmişdir. Bir müddət orada işləyəndən sonra köçürmə yolu ilə “Həqiqət” qəzetinə keçmişdir. Müxtəlif illərdə “Azərbaycan aqrar elmi” jurnalında şöbə redaktoru, “Bərəkət”, “Respublika”, “Həyat” qəzetlərində baş müxbir vəzifələrində çalışmışdır. 1997-1999-cu illərdə “Hər gün” qəzetində redaktor, 1999-2002-ci illərdə “Azərbaycan XXI əsr” qəzetində baş redaktor, 2004-2009-ci illərdə “Himayədar” jurnalının baş redaktoru olmuşdur.

2004-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutuna dissertant qəbul olunmşdur. 2009-cu ildə “Kəlbəcər ədəbi mühiti” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir. “XX əsr poeziyasında dördlük formasının poetik təkamülü” mövzusunda doktorluq işi üzərində işləyir.

 İlham Məmmədli uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğuldur. 2009-cu ildən Bakı Qızlar Universitetinin dosentidir. 2015-ci ilin fevralından BQU-nun Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, həmin ilin sentyabr ayından Universitetin elmi işlər üzrə prorektorudur. Bir neçə kitabın, onlarla elmi-publisistik məqalənin müəllifidir.