Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

20-12-2024

“Təhsildə beynəlxalq təcrübə mübadiləsi: Polşa təhsil sistemi müasir dövrdə” mövzusunda elmi seminar keçirildi

“Təhsildə beynəlxalq təcrübə mübadiləsi: Polşa təhsil sistemi müasir dövrdə” mövzusunda elmi seminar keçirildi

   17 dekabr  2024-cü il tarixində Bakı Qızlar Universitetində Polşanın Qdansk şəhərindəki 57 nömrəli məktəbin direktoru, təhsil üzrə professor Anna Listevnikin iştirakı ilə “Təhsildə beynəlxalq təcrübə mübadiləsi: Polşa təhsil sistemi müasir dövrdə” mövzusunda elmi seminar təşkil olundu.

   Tədbiri giriş sözü ilə universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, professor Sevinc Rəhimova açdı. Rektor, seminarın Avropanın qabaqcıl təhsil sistemlərindən birinin innovativ yanaşmalarını və uğurlu təcrübələrini öyrənmək üçün mühüm bir platforma yaratdığını vurğuladı. O, professor Anna Listevnikin müasir təhsil strategiyalarının təbliği və məktəbin idarə olunması sahəsində zəngin təcrübəyə malik olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu kimi seminarların təşkil olunması universitetlərin təhsil siyasətinin formalaşmasında və beynəlxalq əməkdaşlığın təşviqində mühüm rol oynayır. 

    Tədbirdə çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru, təhsil tədqiqatçısı Böyükağa Mikayıllı dünyanın ayrı-ayrı universitetləri, təhsil sistemləri, qlobal təhsil layihələri, eləcə də dünya xalqlarının məktəb və pedaqoji fikir tarixi ilə bağlı apardığı tədqiqatlardan bəhs etdi. Görkəmli Polyak pedaqoqu Yanuş Korçakın həyat və fəaliyyətinə, pedaqoji ideyalarına həsr olunmuş araşdırmaları haqqında məlumat verdi. O, həmçinin Polşada iştirak etdiyi beynəlxalq konfranslardan və onların təcrübə mübadiləsi baxımından əhəmiyyətindən danışdı. Çıxışında universitetlər arasında akademik əməkdaşlıq və təcrübə mübadiləsinin vacibliyini vurğulayan B.Mikayıllı, Polşa universitetlərinin tədqiqat sahəsindəki uğurlarını və bu uğurların ölkələrarası əməkdaşlıqlara müsbət təsirini qeyd etdi. O, həmçinin Azərbaycan universitetlərinin Polşa ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsinin tədqiqatçılar və tələbələr üçün əhəmiyyətli ola biləcəyini vurğuladı. 

    Seminarda professor Anna Listevnik Polşa təhsil sisteminin əsas mərhələləri, məktəbin idarə edilməsi prinsipləri və tədrisin təşkili qaydaları, o cümlədən tədris olunan fənlər, valideyin-məktəb əlaqələri, məktəblərin maddi-texniki bazasının möhkəmlənrilməsi istiqamətində görülən işlər, ev tapşırıqları və şagird nailiyyətlərinin qiymətləndirilməsi, şagirdlərin tənqidi düşüncə qabiliyyətlərinin inkişaf etdirilməsi, eləcə də peşə yönümlü proqramlar barədə geniş məlumat təqdim etdi. 

    Qdansk şəhər Uşaq və Gənclər Mərkəzinin direktoru Eljbieta Porovska isə məktəbdənkənar fəaliyyətin uşaq və gənclərin yaradıcılıq potensiallarının formalaşdırılması sahəsində Polşa təcrübəsindən danışdı. O, bu tədbirlərin uşaqların şəxsiyyət kimi inkişafında və sosial bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğuladı.

Seminarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının məsul katibi Tariyel Süleymanov və Bakı Dövlət Universitetinin müəllimi, doktorant İlahə İsgəndərova da iştirak edirdilər. 

   Tədbirin sonunda professor Anna Listevnik müəllim və tələbələri maraqlandıran suallara ətraflı cavab verdi. Sonda iştirakçılar qonaqlarla xatirə şəkilləri çəkdirdilər.

 

Digər xəbərlər

Bütün xəbərlər