02-04-2024
Ədəbiyyatın başlıca missiyası insanı təkmilləşdirmədi, özünüdərk funksiyasını həyata keçirmədi...- Ağarəhim Rəhimov
1001info.az “Həmsöhbət” rubrikasında nasir, publisist, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar İttifaqının üzvü, pedaqoji elmlər doktoru, professor Ağarəhim Rəhimov ilə müsahibəni təqdim edir.
Kəmalə Mirzəyeva: Sizin üçün zaman anlayışı nədir? Hansı yaşdan zamanın dəyərini hiss etmisiz?
Ağarəhim Rəhimov: Fəlsəfi sualdı. Bütün dünya — yer də, səma da, qalaktika da zamanın bətnindədir. Orda reallıqlar, röyalar, xülyalar yatır. Dünyada iki şey əbədidir: Allah və zaman. Nə yaranışları bilinir, nə də sonları görünür. Qərbdə-Avropada-Şərqdə zamana müxtəlif mövqelərdən yanaşanlar çox olub.
Unudulmaz Qəzzali də, böyük Rumi də, əzəməti ilə öyündüyümüz Nəsimi də, ruhu haqq dərgahında cilvələnən Füzuli də «Zaman və Mən» anlamlarını «Allah və özünüdərk» kimi səciyyələndirmişlər. Bir anlığa nəzər salaq, böyük Homerin, Kantın, Hegelin, Dekartın, Yumun, Maxın və başqalarının nəzəriyyələrinə. Zamandan kənarda heç nə yoxdur. Rişələri qədim tarixə gedən hadisələrin izləri sonradan yaddaşlardan pozulsa da, bəzi mütəfəkkirlərin möhtəşəm ideyaları özünü müasirliyin ruhunda tapır. Xatırlayın Eynşteynin dahiyanə nisbilik nəzəriyyəsini. Nyutonun kainatın plastin izahının meyar və qanunlar sistemini. Mütəfəkkirlərin kəşf elədikləri əlahiddə ölçü vahidlərini! Dəyər nöqtələrini! Ölçülər arasındakı kəmiyyət və keyfiyyət nisbətini… Zaman qanundur, onun ölçü-biçisi dəyişməzdir, başlıca həmləsi şüurdur…
Qaldı sualınızın ikinci hissəsinə — «Hansı yaşdan zamanın dəyərini hiss etmisiz?» cavabına, deyim ki, bu çətin, həm də düşündürücü sualdır. Mənsə deyərdim, Allahın varlığını hiss etdiyim Andan. Əslində o An da zamanın bir həlqəsidi.
Kəmalə Mirzəyeva: Bütün həyatınızı elmə həsr etmisiz… Sizcə elmin sirri, cazibəsi nədədir?
Ağarəhim Rəhimov: Dünyada nə varsa, hamısı insana məxsusdur və ona xidmət eləyir. Böyük filosoflara görə, elm iki yerə ayrılır: a) tətbiqi elmlər; b) humanitar elmlər. Tətbiqi elmlər dolayısı ilə, humanitar elmlərsə, bir başa insanın əxlaqi-mənəvi varlığının inkişafına təsir göstərir. Bura ilahiyyatı da daxil edə bilərik. Belə olduğu halda, ən böyük sirr də, cazibə də özünüdərkdədi. Özünüdərk dünyanın dərkidi. Onun sirri də, cazibəsi də məhz budur.
Kəmalə Mirzəyeva: Deyirlər insanın dünyaya gəlişi ilə alınyazısı da yazılmış olur.
Ağarəhim Rəhimov: Ta qədimdən bu məsələyə münasibət ikilidi. Allahın iradəsini qəbul edənlər bir cürə, ateistlər başqa cürə. Mən nə ilahiyyatçıyam, nə də ateist. Allaha sevgim böyükdür. Komenskiyə görə, Allahsız insan quru bir ağacdır. Əl Fərabi deyir: «Allah mənim cövhərimdir». Şekspr: Allah yoxdur Valter: «Allah mənim vicdanımdır». Viktor Hüqo: «Allah vicdanımın səsidir». Pestalotsi özündən əvvəlki filosofların fikirlərini iqrar edərək: «Allah yoxsa, onu yaratmaq lazımdır» bildirir. Füzuli «Allah mənim məhəbbətim», Əli Şəriyyəti isə «Allah mənim eşqimdir» deyirlər. S.Sabbarlının fikri daha maraqlıdır: «Allah deyir, səni mən yaratmışam, mənsə deyirəm, xeyir, səni mən yaratmışam». Mən də Ağarəhim olaraq «Allahla ünsiyyət» kitabım da Əl-Fərabinin kəlamına güvənərək yazıram: «Allah mənim cövhərim, mənsə onun zərrəsiyəm». Qədim Hindistanda Delfi məbədinin qapısı üstündə belə bir yazı var: «Özünüdərk et, onda bütün kainatı da, Allahları da dərk etmiş olarsan». Allahları sözündən -ları çıxsaq, məna öz əzəməti və möhtəşəmliyi ilə ifadə olunar. Görürsünüz, böyük şəxsiyyətlərin Allaha münasibətləri də başqa-başqadır. Əslində bu mülahizələr özünüdərkdə, özünütəkmilləşdirmədə birləşir. Deməli, insanın həyatı öz əlindədi, əməlindədi, dünyaya baxışlar sistemindədi… Niyyəti və əməli insanı şeytana da, iblisə də, hətta, mələyə də döndərər.
Kəmalə Mirzəyeva: Yazıçılıq alın yazısı — tale işidir?
Ağarəhim Rəhimov: Bilmirəm… Təkcə onu deyərəm ki, dünyada iki yaradıcı qüvvə var: Biri Allah, o birisi insandır. Axı insan Allahın zərrəsidir. Həqiqi yazıçılıq insanın özündən asılı olmur. Hər əlinə qələm alandan da yazıçı olmaz. Əslində yazmaq ruhla bağlıdır. O, nə vaxt gəlir, nə vaxt gedir, yazarın özü də bilmir. O adama yolda, yuxuda, şənlikdə, yasda… gələ bilər. Yeni fikir tufanla gəlir… Məsələn «Canavar balası», «Qırmızı qar», «Tənha çinarın pıçıltıları», «Kövrək qəlbin titrəyişləri» kimi. Hərəsi bir vaxtda, bir məkanda.
Kəmalə Mirzəyeva: Oxucu sevgisi, rəğbəti, etimadı qazanmağın ən əsas şərtləri nədir?
Ağarəhim Rəhimov: Bu suala cavab çox çətindir. O hər şeydən əvvəl, oxucunun yazara inamı ilə bağlıdır. Hər yazıya da məncə yazı deyilməz. Şəxsiyyətlə yaradıcılıq qovuşanda, sözlə əməl birləşəndə, yazar əməli saleh olanda ruh, istək ürəklərə yol tapar. Oxucunun gözləri iti, qəlbi həssasdır. Xalq deyimi var: «Nə əkərsən, onu da biçərsən…»
Kəmalə Mirzəyeva: Elektrotexnika, kompyuter zəmanəsində ədəbiyyat oxucular üçün nə dərəcədə maraqlıdır?
Ağarəhim Rəhimov: Bu dövrün tələbidi. Acı da olsa, etiraf edək ki, elektrotexnika ədəbiyyatı bir qədər kölgədə saxlayır. Bunun da səbəbləri çoxdur: Həyata marağın çöküşü! Yoxsulluq! İqtisadi problemlər! Qorxu, sarsıntı doğuracaq ictimai şüurun zəhlətökən törəmələri! Yazılan bir sıra əsərlərdəki boşluqlar! Əsər adı altında cızmaqaralar!.. Yenə deyim?
Kəmalə Mirzəyeva: 30-40 il əvvəlki oxucu ilə müasir dövrün oxucularının fərqi nədədir?
Ağarəhim Rəhimov: Ən başlıcası dünənlə bü günün ideoloji xəttində. Kommunist ideologiyasından can qurtara bilməməkdə, bəyənmədiyimiz sovet cəmiyyətində ən yeni, ən dəyərli ideoloji xəttə sadiklik əks etdirən kitabları müxtəlif yollarla aidatı təşkilatlar oxuculara çatdırırdılar. Əsərlərin müzakirələrini keçirərdilər. Radio və televiziyada bədii əsərlər, həmçinin yazarlar haqqında söhbətlər açılardı. Müəllif əməyi dəyərləndirilərdi. İndi necədi vəziyyət? Kitabxanalar, klublar, mədəniyyət evləri, muzeylər bağlanıb. Teatrların ağzı günə qalıb. Bir sözlə, mədəniyyət ocaqları oxuculara, tamaşaçılara həsrətdi, yaxud əksinə. Belə şəriətdə həqiqi müstəqil yazardan, düşündürən ideologiyasız ədəbiyyatdan söz açmaq mümkündürmü?!
Kəmalə Mirzəyeva: Yazıçılar kitablarını sata bilmədiklərindən gileylənirlər.
Ağarəhim Rəhimov: Əlac nədi? Ölkədə elə şərait yaranmalıdır ki, düşüncə sahibləri kitab satmağa ehtiyac duymasınlar. Ölkədə elə abı-hava yaradılmalıdır, oxucular ruhən kitaba bağlansınlar. Onlarda mütaliə həvəs doğsun. Yeni əsərlər əldə eləmək arzusunu reallaşdırmaq imkanları olsun.
Kəmalə Mirzəyeva: Son illər içinizi titrədən roman, povest, pyes, hekayə, şeir oxumusunuzmu?
Ağarəhim Rəhimov: Yadıma düşmür! Kimsə məndən inciməsin! Yazıçıların başları kiçik, mənasız şeylərdən ötrü daim qalma-qaldadır. Açığını deyim: eşidəndə adam utanır. Həqiqi yazıçı, dramaturq yeni söz, yeni düşüncə axtarar. Ancaq təəssüf! «Mən də varam» deyə özünü televizorlara, sosial şəbəkələrə soxuşduranlar qeybət üçün bəhsə-bəhisdədilər. Biri digərindən qisas alır.
Kəmalə Mirzəyeva: Sizcə yazıçı-oxucu münasibəti necə qurulmalıdır?
Ağarəhim Rəhimov: Bu mübahisəli məsələdir. İcazə verin, bu sualdan yan keçdim.
Kəmalə Mirzəyeva: Sizin «Qarabağ» mövzusunda qələmə aldığınız əsərlər top-tufəng səsləri altında yazılıb. Bu haqda nə deyə bilərsiz?
Ağarəhim Rəhimov: Nə desəm, bir növ özünü tərifə aparıb çıxacaq. Ancaq fakt faktlığında qalır. Azərbaycan-Erməni münaqişəsindən mən 1996-cı ildə ilk dəfə «Canavar balası», 1997-ci ildə «Qırmızı qar» ssenarilərini yazdım. 1997-ci ildə «Canavar balası»na, 1998-ci ildə isə «Qırmızı qar» əsərinə geniş ekranlı film çəkildi. 2000-ci ildə «Əsgər anası» pyesim teatrda səhnə həllini tapdı. Sonralar bir çox yazıçılar qabağa atıldılar: Televiziya ekranlarında, qəzet səhfələrində sinələrini qabağa verib, «Qarabağ müharibəsindən yazan ilk yazıçıyam» dedilər: İlk yazarsız qoyun ortaya. Utanmadan toyda oynamağa nə var ki? Sonralar davamlı olaraq «Qoşa qanad», «İkili dünyam», «Səfalət», «Ovlaq keçidi», «Qisas», «Vicdan məhkəməsi», «Xəyanət», «Haray», «Qəzəb», «Uçurum» və s. əsərlərim çapdan çıxdı. Cəmi 120 kitab. Soruşan olmadı ki, bu əsərlər hardan ortaya çıxdı.
Kəmalə Mirzəyeva: Siz hansı əsərinizdə öz obrazınızı yaratmısız?
Ağarəhim Rəhimov: Yazıçı adətən özünü yazar. Məni bu və ya digər dərəcədə bütün əsərlərimdə ruhumla, xarakterimlə, ideyalarımla, hadisələrə obyektiv və qeyri obyektiv münasibətimlə, vətənə, xalqa, dövlət, dövlətçiliyə, insanlara sevgimlə tapa bilərsiz.
Kəmalə Mirzəyeva: Oxucularınız deyirlər: «Ağarəhim insan psixologiyasının bilicisidir». Bu haqda sözünüz?..
Ağarəhim Rəhimov: Təşəkkür eləyirəm. Dedikləri məni böyük dəyərləndirmədir. Həqiqi yazıçı əslində psixoloq olmalıdır. Psixologiyanı dərindən öyrənməyə məhkumdur. Axı bədii əsərin obyekti insandır. Psixologiyasız nə bədii əsər?! Pedaqoji-psixologiya biləsiz həm də mənim ixtisasımdır. Burda təəcüblü bir şey görmürəm.
Kəmalə Mirzəyeva: Vətən müharibəsi hər bir azərbaycanlının həyatını dəyişdi. Biz artıq zəfər çalmış xalqın övladlarıyıq. Qalib xalqın yazıçısı olaraq, bu gün nələrdən yazırsız?
Ağarəhim Rəhimov: Yazıram. Arxa çatmamış çırmanmaq istəməzdim… «Rəşadət və rəzalət», «Gerçəklik və xəyal toqquşması» və o cümlədən bir çox yazılarımı ömür vəfa versə, XXI-XXII cildlərdə qəlbi həssas oxucularıma təqdim edəcəm.
Kəmalə Mirzəyeva: «Tövbə etməyi bacarın» deyirsiz? Bunu necə başa düşək?
Ağarəhim Rəhimov: Tövbə səhvlərin dolayısı ilə etirafıdı. Qəbahətlərin islahıdı. Fəzilətlərə qayıdışdı. Özünənəzarətdi. Əxlaqi-mənəvi təkmillənmədi. Ona görə də deyirəm «Tövbə etməyi bacarın». Bu qəhrəmanlıqdı!
Kəmalə Mirzəyeva: Ədəbiyyatdakı missiyanız sizi qane edirmi?
Ağarəhim Rəhimov: Çətin sualdı. Dostlarımızdan kimisi deyir: Filan yazıçı, şəhər mühitini, filankəs də kənd həyatını ədəbiyyata gətirdi. Bunları ədəbiyyata yenilik kimi qələmə verirlər. Mənə elə gəlir ki, nə şəhər, nə kənd, nə dağ, nə də dərə bədii ədəbiyyatın obyekti ola bilməz. Baxın Homerə, Esxilə, Valterə, Vüqtor Hüqoya və başqalarına. Mənə görə mühit də, təbiətdə insan xarakterinin açılmasında başlıca vasitələrdi. İnsan fizioloji-anatomik cəhətdən təbiətin törəməsidir, mühitsə onun yetişdiricisidir. Axı insanın içi obrazlı desək, bir dünyadır: əxlaqdır; mənəviyyatdır; tarixdir; insani münasibətlər sistemidir… Ədəbiyyatın başlıca missiyası insanı təkmilləşdirmədi, özünüdərk funksiyasını həyata keçirmədi.
Tez-tez yazarlardan eşidirəm: «Mənim əsərlərimdə tərbiyə yoxdur». Yaxud «Bədii ədəbiyyatın tərbiyə ilə nə əlaqəsi». Məncə bu iddialar ən azından gülməlidir. Üzümü elələrinə tuturam: «Elə bir əsər göstərin ki, orda tərbiyəedicilik olmasın. Unutmayaq ki, söz həm ünsiyyət, həm də tərbiyə vasitəsidir. İdeyasız-ideologiyasız demirəm bədii əsər olmaz. İdeologiya siyasi, ideya isə insani, əxlaqi-mənəvi termindi. İdeologiya dövlətin, ideya isə bədii düşüncənin, əxlaqi-mənəvi dəyərlərin silahıdır.
Kəmalə Mirzəyeva: İndiyə qədərki fəaliyyətiniz sizi qane edirmi?
Ağarəhim Rəhimov: Bu sual məni təkəbbürlü cavaba istiqamətləndirər. Ona gələcəkdə Siz özünüz cavab tapa bilərsiz.
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024