19-03-2025
19 mart 2025-ci il tarixində Bakı Qızlar Universitetində Novruz bayramına həsr olunmuş möhtəşəm tədbir keçirildi. Bayram şənliyinin açılışında universitetin rektoru, professor Sevinc Rəhimova çıxış edərək müəllim və tələbə heyətini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi. O, bu bayramın xalqımızın ruhunu, adət-ənənələrini, birlik və həmrəyliyini əks etdirdiyini vurğuladı. Rektor, həmçinin, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi yad edərək, onların xalqımızın qəlbində daim yaşayacağını qeyd etdi.
Tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova çıxış edərək universitetdə keçirilən hekayə müsabiqəsinin qalibi olan tələbələri təbrik etdi. Daha sonra tədbir çərçivəsində Novruz adət-ənənələri və türkdilli xalqlar arasında Novruz bayramının qeyd olunma xüsusiyyətləri ilə bağlı maraqlı çıxışlar dinlənildi.
Bayramın əsas simvollarından olan, daim zarafatları ilə tədbirlərə xüsusi rəng qatan Keçəl və Kosa, eləcə də Bahar qızın səhnəyə çıxışı tədbir iştirakçılarına unudulmaz anlar yaşatdı. Tələbələrin hazırladığı Novruza həsr olunmuş ədəbi-bədii kompozisiya böyük maraqla qarşılandı.
Bayram şənliyi Səadət rəqs qrupunun təqdim etdiyi “Naz eləmə” rəqsi və xor kollektivinin ifasında səslənən xalq mahnıları ilə davam etdi. Tədbir xoş ovqat və bayram əhval-ruhiyyəsi ilə başa çatdı.
19-03-2025
19-03-2025
18-03-2025
14-03-2025