17-03-2025
15 mart 2025-ci il tarixində Bakı Qızlar Universitetində universitetin təsisçisi, yazıçı-dramaturq, professor Ağarəhim Rəhimovun yaradıcılıq gecəsi keçirildi. Tədbir universitetin himninin səsləndirilməsi ilə açıq elan olundu.
Tədbirdə "Azərbaycan dili və ədəbiyyat" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yeganə Hacıyeva çıxış edərək Ağarəhim Rəhimovun əsərlərinin orijinallığını, fəlsəfi və bədii dəyərini vurğuladı. Daha sonra filologiya elmləri doktoru, professor Akif Abbasov yazıçının ədəbi irsi və onun əsərləri əsasında çəkilmiş filmlər haqqında xatirələrini bölüşdü. Tədbir çərçivəsində Ağarəhim Rəhimovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.
Universitetin tələbələri – Həmidə Həsənli, Firəngiz Süleymanova, Aynur Narbekov və Şəhla Abbasova yazıçının yaradıcılığına dair məruzələrlə çıxış etdilər. Çıxışlarda müəllifin əsərlərində elm, təhsil və maarifçilik ideyalarının mühüm yer tutduğu qeyd olundu.
Tədbirin bədii hissəsində tələbələr Şəhla Zeynalova və Lalə Paşayeva "İlahi Dialoq" ədəbi-bədii kompozisiyasını təqdim etdilər. "Səadət" rəqs qrupunun ifasında "Tərəkəmə" rəqsi nümayiş etdirildi. Bundan əlavə, "Canavar balası" əsəri əsasında tələbələrin hazırladığı səhnəcik böyük maraqla qarşılandı.
Səhnəcikdə Yusif kişi obrazını – Xanımağa Mustafayeva, Səriyyə ana – Fəxriyyə Cəfərli, Nofəl – Sara Əzizova, Sədr – Gültəm Abdullayeva, Dövlət ittihamçısı – Sədayə Ələsgərli, Rima – Nəzrin Rzayeva, Ənvər – Sevinc Abseyinova, Vazgen rolunu isə Nəsibə Hüseynova canlandırdı.
Ardınca tələbələr Cəmilə Mahmudova və Səma Əsgərovanın təqdim etdiyi yumoristik səhnəcik də tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
Tədbirin aparıcısı Cavadzadə Mirmələk, ssenari müəllifi isə Səyyarə Məcidova idi. Gecənin təşkilində Bakı Qızlar Universitetinin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti yaxından iştirak ediblər.
Tədbirin sonunda professor Ağarəhim Rəhimov tələbələrin suallarını cavablandırdı və yaradıcılıqla bağlı fikirlərini bölüşdü.
Sonda unudulmaz tədbirdən xatirə şəkilləri çəkdirildi.
19-03-2025
19-03-2025
18-03-2025
14-03-2025