Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

11-12-2024

21 Azərdən Milli Hökumətə Gedən Yol

21 Azərdən Milli Hökumətə Gedən Yol

    Azərbaycanın milli-azadlıq mübarizəsi xalqımızın iradəsini və fədakarlığını əks etdirən çoxsaylı hadisələrlə zəngindir. 1945-ci ilin “21 Azər Hərəkatı” bu mübarizənin əhəmiyyətli səhifələrindən biridir.

   10 dekabr 2024-cü il tarixində Bakı Qızlar Universitetində “21 Azərdən Milli Hökumətə gedən yol” mövzusunda keçirilən elmi-praktik konfrans bu tarixi hadisənin əhəmiyyətini bir daha vurğuladı.

    Konfrans sözləri Mir Mehdi Etimada, bəstəsi isə Cahangir Cahangirova aid  “Yaşa, yaşa Azərbaycan!” dövlət himninin ifası ilə başladı. 

     Giriş nitqi ilə çıxış edən Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimova Seyid Cəfər Pişəvərinin siyasi lider və dövlət xadimi kimi tərəfini vurğulayaraq, onun “21 Azər Hərəkatı”nı milli oyanışın rəmzi  və birlik ruhunun təcəssümü kimi qeyd etdi.

    BQU-nun “Tarix” kafedrasının müdiri, dosent Əzizağa Ələkbərli “Sovet qoşunlarının İrana daxil olması və Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı” mövzusunda məruzə etdi.

   Daha sonra Azərbaycan Demokrat Firqəsinin (ADF) sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə “21 Azər Hərəkatı”nın 79-cu ildönümünün qeyd olunmasına görə universitet rəhbərliyinə təşəkkür etdi. O, ADF-nin 7-ci sədri olduğunu xatırladaraq, bu partiyanın İran və Şərq tarixində əhəmiyyətli bir mövqeyə sahib olduğunu vurğuladı. R.Hüseynzadə qeyd etdi ki, 21 Azər Hərəkatı”, İranın Azərbaycan bölgəsində milli hökumətin yaradılmasına yol açan tarixi bir dönüş nöqtəsidir. Bu hərəkatın əsası 1945-ci il dekabrın 12-də qoyulmuşdur. Hərəkat nəticəsində Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi mühüm siyasi, mədəni və sosial-iqtisadi islahatlara imza atmışdır. ADF-nin qısa müddətlik hakimiyyəti dövründə reallaşdırılan islahatlar İran tarixinin 100 ilinə bərabər olduğunu iştirakçıların diqqətinə çatdırdı. 

    BQU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Seyid Cəfər Pişəvərinin liderliyini İran Azərbaycanında çoxsaylı önəmli dəyişikliklərin təşviqi kimi dəyərləndirdi. O, qeyd etdi ki, Pişəvəri dövründə Azərbaycan dili dövlət dili elan edilmiş, məktəblərdə tədris və dövlət idarələrində  danışıq və yazışmalar ana dilində aparılmışdır.

  S.C.Pişəvərinin həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənildi və ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Dekabrın 12-də İsveçdən yayımlanacaq  “21 Azər Həftəsi” proqramının ümummilli lider Heydər Əliyevə həsr olunacağı elan edildi.

Son olaraq, prof.Sevinc Rəhimova “21 Azər Hərəkatı”nı milli birliyin, fədakarlığın və azadlıq ruhunun parlaq nümunəsi kimi qiymətləndirdi. O, vurğuladı ki, bu cür tədbirlər gənc nəsillərə milli dəyərlərin ötürülməsinə xidmət edir.

      Konfrans xatirə şəkillərinin çəkilməsi ilə sona çatdı.

 

Digər xəbərlər

Bütün xəbərlər