Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Tələbələr BQU haqqında

Şıxaliyeva Aynur Seyfəli qızı 

 Psixologiya ixtisası üzrə 2018-ci il məzunu

Bakı Qızlar Universitetini ilk bitirdiyim zamanlarda bəlkə bunun heç fərqində deyildim. Ancaq sonrakı illərdə həm digər universitetlərlə müqayisə etdiyimdə, həm də iş fəaliyyətimdə bu universitetin, sevimli müəllimlərimin mənim həyatımda nə qədər böyük rol oynadığının fərqinə vardım. Müəllimlərimiz tək nəzəri deyil, həm də praktik biliklərini bizimlə heç tərəddüd etmədən paylaşıb , bizi doğrudan  da bir peşəkar kimi yetişdiriblər. Bu gün Universitetə gəlmə səbəbim Türkiyədə magistr təhsili almağımla bağlıdır.  Hər mərtəbəni qalxdıqca  sevimli müəllimlərimin çoxunu görüb kövrəldim.  Ulduz müəllimə, Sədaqət müəllimə,  Məhərrəm müəllim, sizi görmək  çox xoş oldu. Bu gün  mənim üçün müsbət  emosiyalarla dolu oldu. 

Bütün universitet heyətinə uğurlar arzu edirəm. Yaxşı ki, bu universitetin  məzunuyam.

 

Sevgilərlə,

Şıxaliyeva Aynur

19.01.2024   

 

 

 

 

Qənbərli Ülviyyə  Qabil qızı

 Bakı Qızlar Universitetinin  “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının 2023-cü il məzunu

Bakı Qızlar Universitetinin  təhsil həyatımda  çox böyük rolu oldu.  Bu təhsil həyatında  hər zaman bütün çətinliklərdə  bizə dəstək olan  Bakı Qızlar Universitetinin  əziz və dəyərli  müəllimlərinə təşəkkür edirəm. 

 

İmza:       Ü. Q. Qənbərli  26.01.2024

 

 

      Yeganə İsmayılova 

 Bakı Qızlar Universitetinin  “Pedaqogika və psixologiya” ixtisasının 2024-cü il  məzunu

 Yaşadığım şəhərdən Bakıya gələndə  universitet haqqında heç bir məlumatım yox idi. Həmin dövrdə açılmış bir ali məktəb olduğu üçün insanlar arasında çox tanınmırdı. İxtisasım haqqında geniş məlumatım olmadığı üçün müxtəlif fikirlər bizi ruhdan salırdı. Zaman keçdikcə, təhsil aldıqca fikirlərim dəyişdi. İxtisasımın nə qədər maraqlı olduğunu gördüm. Dərslərdə böyük həvəslə iştirak edirdim. Müəllimlərimin dəstəyi ilə ali təhsilimi davam etdirmək qərarına gəldim. 2005-ci ildə Şəki şəhər 1 nli orta məktəbdə praktik psixoloq kimi fəaliyyətə başladım. 

Təhsilimi davam etdirmək məqsədilə Hacettəpə Universitetinin “Klinik psixologiya ” ixtisasına qəbul oldum. İkinci kursdan universitetin klinikasında assistent olaraq çalışmağa başladım.

Oxuduğum müddətdə öncədən təhsil aldığım ali məktəbin təhsil keyfiyyətinin  yüksək olduğunu düşünürdüm. Baza təhsilimin nə qədər keyfiyyətli olduğunu anladım.

Bakırköy “Ruh və sınır hastalıkları” xəstəxanasında klinik psixoloq olaraq fəaliyyət göstərmişəm. Təqaüdlə oxuduğum üçün  vətənə geri döndüm. Daha sonra tibb mərkəzində Autizm şöbəsində proqramçı və qrup rəhbəri oldum. 

Daha sonra Loqos PNİM-də baş psixoloq olaraq  fəaliyyətimi davam etdirdim. Çalışdığım müddətdə klinik psixologiya üzrə magistr təhsilimi İstanbul Okan Universitetində davam etdirdim. Hal-hazırda Elpida Psixoloji Mərkəzinin və Elpida uşaq bağçasının təsisçi direktoruyam və fəaliyyətimi klinik psixoloq olaraq davam etdirirəm. 

 

Hörmətlə: Yeganə İsmayılova 

Bunun üçün öz müəllimlərimə və Bakı  Qızlar Universitetinə  təşəkkür edirəm! 

 

 Mənsurə Yusifova 

 Bakı Qızlar Universitetinin  “Pedaqogika və psixologiya” ixtisasının 2004-cü il məzunu

Qəbul olduğumuz ildə  Unversitetlə bağlı  heç bir məlumatımız yox idi. Fəqət sonra bir çox universitetdən  müsbət keyfiyyəti ilə seçildiyinin şahidi olduq. 

Müəllimlərimiz və rəhbərlik bizə böyük qayğı ilə yanaşır, heç bir qarşılıq gözləmədən təhsil almağımız və hərtərəfli inkişaf etmiş bir mütəxəssis  olaraq  yetişməyimiz üçün hər cür şəraiti yaradırdılar. O dövr üçün bu yenilik idi. Universitetdə oxuduğumuz illərdə elmi konfranslarda iştirak edirdik, məqalələrimiz universitet daxilində nəşr olunurdu. 

Ali məktəbi bitirdikdən sonra  Laçın rayonu Biləcəri ümumi orta məktəbində  praktik psixoloq olaraq fəaliyyətə başladım. 2018-2020-ci illərdə “Məktəbdə psixoloji xidmət və onun əsasları” adlı kitabım nəşr edildi. Qrand layihələrdə təlimçi psixoloq kimi fəaliyyət göstərmişəm.

Hal -hazırda Elpida Psixoloji və Nitq mərkəzində uşaq və yeniyetmə psixoloqu, refleksoloq olaraq fəaliyyət göstərirəm. Eyni zamanda təlimçilik fəaliyyətimi də davam etdirirəm. 

 

Çox böyük hörmətlə:  Mənsurə Yusifova

 

  Musayeva  Nərmin Əsəd qızı 

 Bakı Qızlar Universitetinin “Filologiya-tarix ” fakültəsinin 2008-ci il  məzunu

    Həyatın hər səhifəsi bir maraq, bir həyəcan, ümid dolu gəcəyə açılan bir pəncərədir. Bu səhifələrdən mənim kimi tələbəlik həyatına qədəm qoyan bir çox insan üçün həsrətlə gözlənilən gün-15 sentyabr 2003-cü il idi.  Hər birimiz bizi gözləyən yeni həyatdan, mühitdən xəbərsiz səhəri diri gözlərlə açmışdıq. O gündən sonrakı 5 il ərzində olan xatirələrimi bölüşmək istəyirəm. 

Bir qədər əvvələ qayıdıram. İmtahanlarımızı vermişdik, ərizə yazmaq üçün “Abituriyent” jurnalının yeni nəşrini əldə etdik, jurnalın sonuncu vərəqlərində universitetlər haqqında məlumatlar əks olunmuşdu. Niyəsə mən tərəddüd etmədən jurnala ilk baxışımdan “Ata, mən Qızlar Seminariyasında oxumaq istəyirəm”, -dedim. Atam qərarımla razılaşdı. Bie neçə gün sonra nəticələr elan olundu, mən arzuma çatmışdım. Bakı Ali Pedaqoji   Qızlar Seminariyası “ Azərbaycan dili və ədəbiyyat” ixtisasına  qəbul olunmuşdum.

O gün gəldi artıq, bir neçə gün əvvəldən seçilmiş geyimimiz, çantamız, valideynimizlə universitetə yollandıq. Hamı həyətdə gözləyirdi, tələbələrin gözlərində həyəcan, sual, valideynlərində sevinc dolu narahatlıq sezilirdi. Beləcə ilk dərs günümüz başladı.

Mən müasir dünyanın heç bir pis niyyətinin qapının kandarından gəlməyə icazə verməyən sehirli aləmə gəlmişdim. Müəllimlərin geyimi, davranışı, dəhlizdəki xanım-xatun tələbələr-ətrafdakı hər şey  seçimimin doğru olduğunu göstərirdi.

Beləcə biz dərslərə başladıq, bu dərslər aldığı məvacibin haqqını verən müəllimlər tərəfindən tədris olunurdu. Burada ancaq bir məqsədimiz vardı-oxumaq, çünki bu diplom ala bilməyimiz üçün yeganə yol idi. 

Mən çox həvəslə oxuyurdum, adlarını, jest və mimikalarını unutmadığım müəllimlərim bizi səylə müəllim kimi yetişdirirdi. Bizim boşa gedən tək bir anımız yox idi. 

Ailə vəziyyətimlə əlaqədar 3-cü kursdan etibarən təhsilimi qiyabi davam etdirməli oldum. Bu zaman Havva xanım Abdullayevanın atama dediyi xoş sözlər hələ də yadımdadır.  Qiyabi təhsilimə davam etdiyim gündən 3-cü kursdan Şəki şəhər 5 nömrəli tam orta məktəbdə işləməyə başladım, amma mən bircə gün də özümü tələbə hiss etmədim, nə qədər çox biligilər aldığımızı gördüm, hər seminarın, mühazirənin bizdə necə təcrübəyə çevrilən nəzəri biliklərdən ibarət olduğunu gördüm.

Mən hər bir güşəsi təhsil, əxlaq prinsiplərini özündə əks etdirən universitetimi 2008-ci ildə fərqlənmə diplomu ilə bitirdim. Aldığım hər bir qiymət yuxusuz gecələr, zəhmət, obyektiv keçirilən imtahanlar, insana ümid verən əsl müəllimlərin sayəsində idi.  Bu uğur məni tərk etmədi. Müəllim olmağı çox sevdim, şagirdlərim  mənə gülən simalar mənə mayak oldu. 

2013-cü ildən etibarın Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sifarişi ilə respublikanın bir çox bölgəsində layihələri gerçəkləşdirən Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzinin təlimçisi kimi işlməyə başladım. “Yeni fənn kurikulumlarının tətbiqi”, “Həmkara dəstək”, “İntel-gələcək üçün təhsil”, MTMB, Hibrid öyrənmə, Onlayn ünsiyyət və s kimi layihələrdə təlimçi olaraq fəaliyyət göstərdim, respublikamızın fərqli bölgələrindən  olan onlarla müəllimlərə təhsildəki yeni texnologiyaların öyrənilməsində dəstək oldum.

2014-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil Müsabiqəsi” də 2-ci yerin qalibi oldum.

2014-2015-ci ildə keçirilmiş müsabiqədə cənab Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı müəllim” adına layiq görüldüm.

2015-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş “Gələcək-müəllimin əsəridir” adlı müsabiqənin qalibi olmuşam.

2015-ci ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən “İlin peşəkar gənci” adına layiq görülmüşəm.

2014-2017-ci illər ərzində Dövlət İmtahan Mərkəzində ekspert müəllim olaraq işləmişəm. 

Hal-hazırda Şəki şəhər 5 nömrəli tam orta məkətəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi və İTE Azərbaycan əlavə təhsil mərkəzində təlimçi olaraq işləyirəm. 

Qazandığım bütün uğurların arxasında qazandığım biliklər, sağlam universitet mühiti dayanırdı. Mən ömrümün sonuna qədər mənə bunları bəxş edən müəllimlərimi unuda bilmərəm.

    Bizə hər bir sahədə nümunəvi olan, səhv etməməyimiz üçün əlindən gələni əsirgəməyən, həm yaxşı insan, əxlaqi dəyərləri yüksək müəllim kimi yetişməyizimdə çox böyük rolu olan Havva xanım Abdullayeva, 

    Çöhrəsində gülüşün əlamətini görməyin yeganə yolunun yaxşı oxumaq olduğunu bildiyim İradə xanım Musayeva,

Yaxşı Azərbaycan dili müəllimi olmağımda əvəzsiz rolu olan Almaz xanım Hüseynova !

Adını çəkə bilmədiyim bütün müəllimlərim, biz sizin işığınızdan bəhrələndik.. Əminəm ki, bu universitet Azərbaycan üçün hələ çox dəyərli pedaqoqlar yetişdirəcək. 

Hörmətlə: Nərmin Musayeva

 

Ovçuyeva (Mikayılova) Vüsalə Bədrəddin qızı 

 Bakı Qızlar Universitetinin  2007-ci il məzunu

 

     Doğma məkan, Bakı Qızlar Universiteti , bugünkü bütün uğurlarımın vəsiləsi!

 Hörmətli müəllimlərim, sizlərə nə yazsam da üzərimdə olan haqqınızı ödəməz. Bu gün məktəb direktoru vəzifəsində işləyirəm. İstər müəllim, istərsə də direktor kimi iddialı olmağımı Bakı Qızlar Universitetinin mənə verdiyi təhsilə, özgüvənə borcluyam. Qəlbimə qızıl hərflərlə yazılmış təhsil ocağım, düzünü etiraf edim ki, qəbul olduğum zaman niyə özəl universitetə düşdüyüm üçün çox təəssüflənmişdim. Amma qısa müddətdə universitetin daxilindəki nizam-intizama sözün həqiqi mənasında heyran oldum. Təlimdəki ciddi nəzarətdən daha danışmıram heç. Bu cür ciddiyyət olan yerdə mükəmməl nəticələr əldə etməmək mümkün deyil . Universitet məzunlarının bu gün müxtəlif vəzifələrdə çalışması , işini layiqli icra etməsi də bütün bunlara bariz nümunədir. Mən öz adımdan universitetin rəhbər heyətinə, bizlərə ciddi səylə elm öyrədən müəllimlərimizə minnətdarlığımı bildirirəm. Var olun ! Mən qürur duyuram ki, Bakı Qızlar Universitetinin məzunuyam.

Hörmətlə: Ovçuyeva Vüsalə

 

     Dibirova Züleyxa Cavad qızı  

 Bakı Qızlar Univeristetinin 2005-ci il məzunu 

10 ildir ki, Balakən rayonunun ən böyük məktəbəqədər təhsil müəssisəsinin rəhbəriyəm. İşimdə və həyatımda qazandığım uğurlarda Bakı Qızlar Universitetinin çox böyük rolu vardır. 

      Bu ali təhsil ocağının bir məzunu  olaraq onu deyə bilərəm ki, burada  yaradılan mühit, qurulan tələbə-müəllim münasibətləri çox fərqlidir. Bu atmosferi yaratmaq, tələbəyə ixtisasını ən yüksək səviyyədə mənimsətməklə yanaşı, Azərbaycan qadınına milli ruhu, Azərbaycan dilini, adət-ənənələrini, mənəvi dəyərlərin istənilən maddiyatdan yüksəkdə durduğunu layiqincə aşılaya bilmək hər rəhbərliyin, hər müəllim kollektivinin  işi deyil. Bunu ancaq xalqını ürəkdən sevən, tələbələrini Azərbaycanın gələcəyi olaraq görən bir komanda edə bilər. Universitetin bu gün də, öz fəaliyyətini uğurla davam etdirməsi  məhz  bu meyarları əsas tutmasıdır.

       Bakı Qızlar Universitetini bitirməyimdən 18 il keçib. Bu gün hər bir müəllimimi çox böyük hörmətlə xatırlayıram. Çünki onların hamısı əsl Azərbaycan müəllimi nümunəsidir.  Başda hörmətli rektorumuz Ağarəhim Rəhimov, prorektor Nazim Abbasov, dekanımız Havva Abdullayeva, çox hörmətli müəllimlərim  Afat Qurbanov, İradə Musayeva, Gülxanım Vəliyeva, Tofiq Hüseynoğlu, Nazif Qəhrəmanlı kimi insanların “məktəbində” tələbə olmaq, onların mühazirələrini dinləmək böyük şansdır. Azərbaycanda belə bir təhsil ocağının olması, gələcəyin memarları olan müəllimlərin belə bir şəraitdə yetişməsi Azərbaycan təhsilinin uğurlu gələcəyindən xəbər verir. 

                    

Hörmətlə : Dibirova Züleyxa      18.01.2024 –cü il

 

 

   Yarməmmədova Fəridə Arif qızı 

Bakı Qızlar Universitetinin 2019-cu il məzunu 

  2019-cu ildə Xarici dil müəllimliyi ixtisası üzrə  məzun olmuşam. Bu universitet mənim  karyera həyatımın  ilk bünövrəsi oldu.  Hal-hazırda Cambridge dil mərkəzinin  rəsmi müəlliməsi kimi çalışıram, həm də  beynəlxalq dil imtahanlarına hazırlaşıram. C2 səviyyə ingilis dili sertifikatım var.  Bu gün bu nailiyyətləri əldə etmişəmsə  hamısı burda aldığım  bilik- bacarıqlar sayəsində olub.  Yenidən universitet seçimi imkanım olsaydı, bir daha bu universiteti seçərdim. Məni belə savadlı kadr kimi yetişdirdiyiniz üçün  çox sağ olun. 

 

Hörmətlə  Yarməmmədova Fəridə  

07.03.2024

 

İsmayılova Aygün Nazim qızı 

Bakı Qızlar Universitetinin 2008-ci il  məzunu 

Mən 2008-ci ildə Xarici dil  müəllimliyi ixtisasından məzun olmuşam. Bu universitet mənim karyera həyatıma müsbət təsir göstərib. Universiteti bitirdikdən sonra müxtəlif qabaqcıl kurslarda ingilis dili müəllimi kimi çalışmışam. Eyni zamanda 2008-ci ildən bəri repetitorluq  fəaliyyəti ilə məşğul oluram. Hazırda Sabunçu rayonu Pirşağı qəsəbəsi 10 saylı sanatoriya tipli internat məktəbində  tərbiyəçi- müəllim vəsifəsində çalışıram. Burada işləyib şagirdlərə faydalı olduğum üçün çox şadam. Bu günə qədər qazandığım bütün uğurlara görə məzun olduğum universitetə təşəkkürümü bildirirəm.  Çünki mənim gələcək nəsillərin təlim -tərbiyəsində , təhsilində, onların gələcək həyatında  təsirim varsa, bunun üçün mənə təhsil verən  universitetə borcluyam. 

P.S. Qeyd etməyi lazım bilirəm ki, hazırlaşdırdığım  abituriyentlər yüksək ballarla  universitetlərə qəbul olublar.

  Hörmətlə  İsmayılova Aygün                                                        

       18.03.2024