28-11-2025
27 noyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində tanınmış iş adamı, təlimçi və Dadashsoy Business School-un təsisçisi Elvin Dadaşsoyun iştirakı ilə “Öz Biznesinə Başla!” adlı motivasiya və inkişaf seminarı təşkil olundu.
Tədbirdə universitetin tələbələri, müəllim heyəti və sahibkarlıq sahəsinə maraq göstərən iştirakçılar qatıldı.
Seminar boyunca Elvin Dadaşsoy şəxsi biznes təcrübəsi, uğur yolunun mərhələləri və Azərbaycanda sahibkarlıq ekosisteminin inkişafı haqqında iştirakçılarla dəyərli biliklər bölüşdü. O, tələbələrə düzgün planlama, risklərin idarə olunması, komanda formalaşdırılması, şəxsi inkişaf və motivasiya kimi mövzularda praktiki məsləhətlər verdi.
Natiq çıxışı zamanı öz biznes hekayəsindən də bəhs etdi. Hərbi xidmətdən sonra təhsil biznesi qurmaq qərarı, daha sonra isə məşhur “Panda School” uşaq inkişaf mərkəzləri brendini yaratması haqqında danışdı. Hazırda bu brendin ölkə üzrə 14 filialı fəaliyyət göstərir. Eyni zamanda o, Ellin məktəbəqədər, Dadashsoy Business School, Balbi Mərkəzi və Safavy.org kimi layihələrin də həmtəsisçisi olduğunu vurğuladı.
Çıxışında E.Dadaşsoy bildirdi ki, məqsəd yüzlərlə gəncdə özünə inam yaratmaq və onları sahibkarlığa təşviq etməkdir.
Seminar interaktiv sual-cavab sessiyası ilə davam etdi və tələbələrin böyük marağına səbəb oldu.
Tədbirin sonunda Elvin Dadaşsoy universitet rəhbərliyinə və tələbələrə göstərdikləri diqqətə görə təşəkkür etdi.
28-11-2025
28-11-2025
28-11-2025
27-11-2025