Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

27-01-2025

Azərbaycan Dilinin Qorunması Üçün BQU-nun IV kurs tələbəsindən İbrətamiz Hekayə

Azərbaycan Dilinin Qorunması Üçün BQU-nun  IV kurs  tələbəsindən İbrətamiz Hekayə

Bakı Qızlar Universitetinin  Filologiya fakültəsinin IV kurs tələbəsi, "Humay" Ədəbi Birliyinin üzvü  Əsmər Qismət Azərbaycan dilinin qorunmasına dair önəmli bir mövzunu qələmə alıb. Onun "Mandarin ətirli avtobus" adlı hekayəsi ana dilinin təmizliyini və qorunmasını müdafiə edir, digər dillərdə danışmağa üstünlük verənlərə cəmiyyətin yanaşmasını tənqidi şəkildə işıqlandırır. Hekayəni sizə təqdim edirik :

 

 "Hər səhər universitetə getmək üçün avtobusa minirəm. Ən çox sevdiyim vaxt avtobusun boş olduğu zamanlardır. Səhər saatlarının o sakit, təmiz havası, hələ günün başlanğıcı olan anın təzəliyi sanki ruhuma xoş bir rahatlıq gətirir. Adətən mənim mindiyim dayanacaqda avtobusda az insan olur. O gün də belə adi günlərin birində tələsik avtobus dayanacağına getdim və avtobus gələndə oturmaq üçün boş yerlərə nəzər yetirdim. Yavaşca arxa sıralara doğru yönəldim ki, bir yer seçib oturum. 

      Birdən avtobusun sürücüsü əlindəki mandarini mənə uzatdı: "Qızım, al bu mandarini" . Təəccübləndim. Sürücünün mandarin tutmuş əli mənə doğru uzanmışdı.

 "Təşəkkür edirəm, amma... niyə?" deyə soruşdum. Sürücü isə gülümsəyərək, sadəcə "Al, bala!", -  dedi. Onun bu sadə, lakin səmimi jesti çox qəribə bir hiss yaratdı məndə. Dönüb digər yerlərdə əyləşənlərə baxanda gördüm ki, mənə baxıb gülümsəyirlər və onların da əllərində bir mandarin var. 

    Yolumuz davam edərkən, hər dayanacaqda daha çox sərnişin avtobusa minirdi. Amma hər kəsə, yaşlı bir kişiyə, gənc bir qıza, ya da uşaqlı bir anaya sürücünün mandarin verdiyini görürdüm. Bu, sadəcə bir mandarin deyildi; o an, insanlara göstərilən kiçik bir sevgi, böyük bir mənəvi bağ idi. Bütün sərnişinlər sanki bir-birinə daha yaxınlaşır, bir-birilərinə daha çox təbəssüm edirdilər. O an beynimdə fantastik bir dünya canlanırdı; elə bil avtobusun qapısı sehrli bir portal idi. Bu avtobusla gedən insanların çoxu işə, dərsə tələsən insanlardı axı. Səhərin mürgüsü, həyatın gətirdiyi çətinliklər, müxtəlif problemlərin gətirdiyi kədər ilə minirdilər avtobusa. Ancaq sürücünün qeyri-adi hərərkəti onların düşüncələrini bir anlıq da olsa, unutdurur, üzlərində gülüşə səbəb olurdu. Mandarin almayıb ciddiyyətlə baxanlar, nə olduğunu anlamayanlar da var idi.  Sürücü israrla hər kəsin bu mandarinlərdən almağını istəyirdi. Hətta bəziləri mandarin almaqdan imtina etdikdə, "Nə olub bala, al da, sənə xeyri olar",- deyə bir az yumorla yanaşırdı.

        Ön oturacaqlarda oturan bir yaşlı qadın  sürücüyə sual verdi: "Qardaş, nə yaxşı belə edirsiniz? Nəsə niyətin, nəzirin var idi? Hər kəsə bu mandarinləri niyə verirsiniz?" Sürücü gülümsəyərək, başını bir qədər qaldırıb dedi: "Bir neçə aydır hər fəsildə hansı meyvənin mövsümüdürsə, ondan alıram işə gələndə. Maaşım bu qədər azına imkan verir, amma ürəyimdən gəlir. Xoşum gəlir ki, xalqımın, vətənimin gözəl insanlarının könlünü açım. Bu cür xırda şeylər də olsa, amma ürəkdən pay vermək mənə görə, həqiqətən, dəyərli gəlir."

   O an hər kəsin üzündə bir təbəssüm var idi. Avtobusda sanki heç kim heç yerə tələsmirdi, çünki o anın əhəmiyyəti daha böyük idi. Sürücünün gözlərindəki ifadə bir qədər qürurlu, amma bir o qədər də səmimi idi. İndi o, sadəcə bir avtobus sürücüsü deyildi; vətənini, xalqını sevən, bu sevgini hər gün kiçik bir hədiyyə ilə göstərən bir qəhrəman idi. 

       Avtobus təbəssümlə irəliləyirdi. Növbəti dayanacaqda avtobusa baxımlı, səliqəli geyimli, gözəl saç düzümlü, orta yaşlı bir qadın mindi. Üzündə bir özündənrazılıq ifadəsi vardı. Sürücüyə yaxınlaşıb soruşdu:

– Dayı, bu metroya gedir, eləmi?

Sürücü cavab verdi:

– Bəli, gedir, bacı .

Qadın başını razılıqla tərpədib oturdu, ancaq dərhal çantasından telefonunu çıxarıb səsli mesaj göndərməyə başladı:

– Da, canım, kaneşna, biz gəlirik... Amma Yusuf net gelmir, bacııı.

Sürücünün üzündəki ifadə birdən dəyişdi. Qaşlarını düyünləyərək bir qədər narazılıqla qadına müraciətlə dedi:

– Ay anam, ay bacım, niyə öz vətənində öz dilində danışmırsan? Bu danışdığın nə ruscadı, nə də azərbaycanca!

Bu sözlər bir anda avtobusdakı atmosferi dəyişdi. Mən sürücünün üzündəki qətiyyətə heyrətlə baxdım. Gözlərim qarşısında böyük şairimiz Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirinin misraları canlandı:

 Ey öz doğma dilində danışmağı ar bilən 

fasonlu ədabazlar, 

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.

Bunlar qoy mənim olsun, 

Ancaq Vətən çörəyi 

Sizlərə qənim olsun! 

"Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

 Bu dil bir-birimizlə əhdi-peymanımızdır. 

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi, 

Bu dil əcdadımızın bizə miras verdiyi 

Qiymətli xəzinədir...onu gözlərimiz tək 

Qoruyub, nəsillərə biz də hədiyyə verək. ."

Sürücü davam etdi, sanki bu mövzu onun qəlbinə dərindən toxunmuşdu:

– Pah, lovğalıq əlaməti olub "da", "net"! Mənim nəvəm də rus dilini öyrənir, amma cəsarəti çatmaz evdə rusca danışmağa. Bura Azərbaycandır, bala, öz dilimizi danışmalıyıq. Mən yeddi ölkə gəzmişəm, amma heç birində bizdə olan kimi gah öz dilində, gah da başqa dildə qarışdırıb danışan adam görməmişəm!

Sürücünün dedikləri məni dərin düşüncələrə apardı. Filologiya fakültəsinin tələbəsi olaraq, bu haqlı iradlar diqqətimi daha çox çəkdi. İstər-istəməz onun dediklərini daha diqqətlə dinləməyə başladım.

Bir az keçməmiş, avtobusun arxa tərəfində oturan bir oğlan sürücüyə səsləndi:

– Əmi, pasyolkada deyərsən də düşərəm!

Tam gözlədiyim kimi, sürücü bu dəfə də iradını bildirməyə hazır idi. Bir az üzünü döndərərək, sərt, amma doğma bir səslə dedi:

– Ay oğul, ay bala, “pasyolka” nədir? Niyə “pasyolka”? Qəsəbənin gül kimi adı var – Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi!. Başqalarının babasına hörmət qoyub öz babamızın adını deməyək? Bu gözəl qəsəbəyə ona görə məhz bu ad verilib ki, Məhəmməd Əmin Rəsulzadə vətənimiz, millətimiz, dövlətimiz üçün çox işlər görüb. Sizlər hər dəfə bu adı çəkib onu xatırlasanız ruhu şad olar. Olmaz, bala, belə olmaz!

     Sürücünün bu sözləri məni daha da heyrətləndirdi. Sadə bir avtobus sürücüsünün belə dərin milli duyğularla danışması təsirli idi. Bəlkə də, başqası olsaydı, heç önəm verməzdi ki, kim necə danışır, ya da hansı sözdə səhv edir. Özü də avtobusa minənlərə gülümsəyərək “Salam, sabahınız xeyir. Düşənlərə “Xoş günlər arzu edirəm” deyirdi.        Təxminən 40 dəqiqəlik bu yolda nələrə şahid oldum?! Həmin günə qədər beynimdə bir sual var idi: görəsən, insan öz mənafeyindən başqasını düşünə bilərmi? Sonra minlərlə şəhidimizi, hərbçilərimizi, müəllimlərimizi, həkimlərimizi, polislərimizi və digər xeyirxah, vicdanlı , qəlbi, ruhu təmiz insanları düşündüm. Onlar ön cəbhədə mübarizə aparırsa, belə insanlar – bu avtobus sürücüsü kimi qəhrəmanlar – arxa cəbhədə xalqına sevgi göstərir, maarifləndirir, nələrisə öz çərçivəsində etməyə cəhd göstərirlər.

      Bu düşüncələrlə yoluma davam etdim. Sürücünün sözləri mənim yaddaşımda dərin bir iz buraxmışdı. O, sadəcə bir sürücü deyildi. O, vətənini sevən, sevgisini hərəkətləri ilə göstərən bir insandır. Necə ki, Mir Cəlalın “Bir gəncin manifesti” romanında Sona xalçasını “İtə ataram, yada satmaram!” deyərək öz milli kimliyinə sahib çıxaraq xalqını satmamışdı. Mənim hekayəmdəki qəhrəmanım da öz milli kimliyini bu şəkildə müdafiə edən belə bir obrazdır – sadə, amma real və həqiqi. "

 

 

Digər xəbərlər

Bütün xəbərlər