29-10-2024
25 oktyabr 2024-cü il tarixində Bakı Qızlar Universitetində görkəmli ictimai və dövlət xadimi, pedaqogika elmləri doktoru, professor Zahid Qaralovun 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir baş tutdu. Bu xüsusi gün, Qaralovun Azərbaycan təhsilinə və elminə verdiyi töhfələri bir daha yada salmaq və onun zəngin irsini dəyərləndirmək üçün təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan BQU-nun təsisçisi, pedaqogika elmləri doktoru, professor Ağarəhim Rəhimov Zahid Qaralovun Azərbaycan təhsilindəki yerini vurğulayaraq, onun elmi nailiyyətləri ilə yanaşı, təhsil sahəsində gənc kadrların yetişdirilməsindəki misilsiz rolundan danışdı.
Prof.A.Rəhimovun çıxışında Qaralovun həm də bir ziyalı və vətənpərvər vətəndaş kimi cəmiyyətdə qazandığı nüfuzdan bəhs olundu.
Daha sonra fəxri qonaqlar- pedaqogika elmləri doktoru, professor Mönsüm Alışov, professor Sabir Tağıyev, pedaqogika elmləri doktoru, professor Vidadi Orucov öz çıxışlarında Qaralovun əmək fəaliyyətindən, onun səmimi və peşəkar insan münasibətindən söz açdılar. Xüsusilə vurğulandı ki, Z.Qaralov, daim elmi axtarışlar və araşdırmalara önəm verən, gənc alimlərin inkişafına xüsusi dəstək olan bir ziyalı idi.
BQU-nun professorları, pedaqogika elmləri doktoru Akif Abbasov və Həsən Bayramov isə müvafiq olaraq “Professor Zahid Qaralov tərbiyəşünas alim kimi” və “Professor Zahid Qaralov ictimai və dövlət xadimi kimi” mövzularında çıxış edərək Qaralovun ölkədə təhsil islahatlarının formalaşmasında və inkişafında özünəməxsus yer tutduğunu qeyd etdilər.
Tədbir çərçivəsində Qaralovun zəngin və mənalı həyat yolunu, onun elmi nailiyyətlərini əks etdirən videoçarx nümayiş olundu. Filologiya-Tarix fakültəsinin tələbələri Şəhla Zeynalova, Xanımağa Mustafayeva, Zəhra Məmmədova və “Sosial -pedaqoji” tələbəsi Zəhra Məmmədzadə şeirlər səsləndirərək, mərhum ziyalımıza olan hörmət və sevgilərini ifadə etdilər.
Tədbirin sonunda professor Qaralovun qızı Gülnarə Qaralova, ailəsi adından universitet rəhbərliyinə atasına göstərilən diqqət və ehtirama görə dərin təşəkkürünü bildirdi. Gülnarə Qaralova atasının tələbələri üçün bir örnək və Azərbaycan təhsilinə töhfələr vermiş bir ziyalı kimi yaddaşlarda əbədi qalacağını ifadə etdi.
Tədbir xatirə şəkilləri ilə yekunlaşdı.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024