19-04-2024
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, Ege Universiteti, Quba “Soyqırımı Memorial Kompleksi”, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və İzmir Azərbaycan Dərnəyi birgə təşkilatçılığı ilə 15 aprel tarixində İzmir şəhərində yerləşən Ege Universitetində "Erməni problemi və XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalar" başlıqlı konfrans keçirilib.
Bakı Qızlar Universitetinin “Tarix” kafedrasının dosenti, Quba “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “XX əsrdə azərbaycanlılara qarşı soyqırımlar” haqda tarixi fakt, sənəd, dövrü mətbuat, azərbaycan və xarici dilli mənbələrə əsaslanaraq elmi məruzəsini təqdim edib.
Dos. S.Talıblı məruzəsində 1905-1906-cı illər kütləvi qırğınlar, 31 Mart azərbaycanlıların soyqırımı, 1948-1953-cü illər azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyası, Ermənistanın işğalı zamanı dağıdılmış Azərbaycanın tarixi, maddi-mənəvi abidələri, Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarı, Ermənistanın əsassız ərazi iddialarına və müdaxiləsinə etirazlar, “20 Yanvar” Faciəsi (Neftçala və Lənkəran faciələri), Meşəli soyqırımı, Ağdaban soyqırımı, Qaradağlı soyqırımı, Ballıqaya soyqırımı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular soyqırımı, Xocalı soyqırımı, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi haqqında geniş çıxış edib.
Konfrans yerli ictimaiyyət və universitet tələbələri tərəfindən maraqla qarşılanıb.
Sonda iştirakçılar azərbaycanlıların soyqırımı hadisələrini özündə əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.