01-08-2026
BAKI QIZLAR UNİVERSİTETİNİN AÇIQLAMASI
Hörmətli tələbələrimiz, məzunlarımız, valideynlərimiz və ictimaiyyət nümayəndələri!
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə bağlı qərarını biz də dərin təəssüf hissi ilə qarşılayırıq.
1992-ci ildən fəaliyyət göstərən Bakı Qızlar Universiteti ölkəmizdə qızların ali təhsil almasına mühüm töhfələr vermiş, minlərlə məzun yetişdirmiş, yüzlərlə müəllim və əməkdaşın zəhməti ilə formalaşmış bir elm və ali təhsil ocağı olmuşdur.
Universitetimiz bütün fəaliyyəti boyunca dürüstlük, şəffaflıq və akademik dəyərlərə sadiq qalmışdır. Məhz buna görə də qəbul edilmiş qərar universitet kollektivində, məzunlarımızda və hazırda təhsil alan tələbələrimizdə dərin məyusluq doğurur.
Bununla belə, hazırda ən böyük məsuliyyətimiz tələbələrimizin təhsil hüquqlarının qorunmasıdır. Bildiririk ki, Bakı Qızlar Universitetinin tələbələrinin digər ali təhsil müəssisələrinə köçürülməsi bilavasitə Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir.
35 il ərzində universitetimizə etimad göstərmiş bütün professor-müəllim heyətinə, valideynlərə, məzunlarımıza və haqq səsimizə səs verən ictimaiyyət nümayəndələrinə təşəkkür edirik.
Bakı Qızlar Universiteti fəaliyyətini dayandıra bilər. Lakin onun tarixi, yetişdirdiyi insanlar və Azərbaycan təhsilinə verdiyi töhfələr tarixdən silinməyəcək.
Media və ictimaiyyətlə əlaqələr şöbəsi
Bakı Qızlar Universiteti