Seminariya fransız sözü olub təlim-tərbiyə müəssisəsi deməkdir. İlk dəfə 1684-cü ildə Fransanın Reyms, daha sonra 1695-ci ildə Almaniyanın Halle şəhərində yaradılmışdır. Tarixə nəzər salsaq, seminariya Qərbi Avropada və Rusiyada xüsusi orta ixtisas məktəblərindən biri olub və əsasən dini təhsil verib. Sonralar ibtidai sinif müəllimi hazırlamaq üçün seminariyalar yaradılıb. Rusiyada ilk müəllimlər seminariyası XVIII əsrin axırlarında – 1779-cu ildə Moskvada açılmışdır. 1876-cı ildə yaradılmış Qori Seminariyası Zaqafqaziyada, o cümlədən Azərbaycanda təhsilin, elm və mədəniyyətin inkişafına güclü təsir göstərmişdir.
XX əsrin 80-cı illərində ölkənin təhsil sistemi güclü böhranla qarşılaşdı. Bakı Ali Pedaqoji Qızlar Seminariyası belə bir dövrdə yarandı. Bu, elə bir dövr idi ki, mövcud təhsil sistemi zamanın tələblərinə cavab vermirdi. Yeni, alternativ, daha mütərəqqi və uğurlu sistemə ciddi ehtiyac var idi. Qızlar Seminariyası da belə bir sisteminin qaranquşlarından biri oldu.
Seminariyanın rəhbərliyi ali pedaqoji təhsilin təkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirdi, yeni model yaratdı. Bu model sovet təhsil sisteminin “Təbiət-cəmiyyət” modelindən kəskin fərqlənirdi. Köhnə təhsil modelinə “şəxsiyyət” və “tanrı” komponentləri əlavə edilərək, seminariyada təhsilin məzmunu “təbiət-cəmiyyət-şəxsiyyət-tanrı” modeli əsasında quruldu.
Seminariyanın əsasnaməsi 1992-ci ildə təsdiq edildi. Beləliklə, Seminariyanın təşkili üçün hüquqi əsas yarandı. Professor Ağarəhim Nüsrət oğlu Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradıldı. İyulun 27-də Azərbaycan Televiziyasında Bakı Ali Pedaqoji Qızlar Seminariyasına “Pedaqogika və psixologiya”, “Pedaqogika və ibtidai təhsilin pedaqogikası” ixtisasları üzrə tələbə qəbuluna dair elan verildi. Nazim Abbasova tədris işlərinə rəhbərlik etmək həvalə edildi.