13-03-2024
13 mart 2024-cü il tarixində Bakı Qızlar Universitetində Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Uşaqların doğulanadək cins seçiminə YOX deyək! ” mövzusunda tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru prof. Sevinc Rəhimova Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn sosial əhəmiyyətli tədbirlər barəsində ümumi məlumat verdi. O, bildirdi ki, gender bərabərliyinin pozulması və oğlan uşaqlarına verilən dəyərin üstünlük təşkil etməsi ölkəmizdə narahatlıq doğuran problemlərdən biridir. Daha sonra cəmiyyətimizdə bu cür hallara qarşı həyəcan təbili çalmağın və cins seçiminin qarşısının alınması barəsində maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı.
Sonra təqdimat üçün söz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyevaya verildi. O, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin selektiv abortlar və doğulan uşaqların cinsinə görə sayı haqqında rəsmi statistik məlumatlarını iştirakçılara çatdıraraq bildirdi ki, müasir tibbi texnoloji vasitələrindən sui-istifadə edilməsi, oğlan uşaqlarına üstünlüyün verilməsi ölkəmizdə demoqrafik problemlərə gətirib çıxarmışdır. Oğlan uşaqlarına daha çox, qızlara isə əksinə, daha az verilən dəyərlərə haqq qazandıran inanclara toxunaraq gender stereotiplərin aradan qaldırılması, dünyaya gələn uşaqlar arasında cinsə görə nisbətin pozulması, eləcə də erkən nikahların, həmçinin qızların təhsildən yayınması hallarının qarşısının alınması kimi məsələlərin Dövlət Komitəsinin qarşısında duran ən vacib məsələlərindən biri olduğunu vurğuladı və bu sahədə görülən işlərdən, həyata keçirilən layihələrdən danışdı.
Daha sonra Mərkəzi Klinikanın həkim-ginekoloqu Fidan Həsənova “Selektiv abortun fəsadları” mövzusunda çıxış edərək ümumi tendensiyaya əsasən ən çox geniş yayılmış qohum evliliklərindən, bu evlilik sayəsində müxtəlif dərəcəli xəstəliklə dünyaya gələn uşaqlardan, hamiləliyin süni şəkildə pozulmasının fəsadlarından danışaraq sağlam düşüncələrə əsaslanan nikahın nə qədər mühüm olduğunu iştirakçıların diqqətinə çatdırdı.
Tədbirdə tədris işləri üzrə prorektor prof. Hava Abdullayeva da çıxış edərək gənc qızlara arzu və tövsiyələrini bildirdi.
Tədbirin sonunda Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış qızlarımıza verilən dəyər və sevgidən ibarət videoçarx izlənildi.