09-04-2026
Azərbaycanı beynəlxalq akademik müstəvidə layiqincə təmsil edən Bakı Qızlar Universiteti nümayəndə heyəti Türkiyədə keçirilən nüfuzlu elmi tədbirdə iştirak edib.
25–29 mart 2026-cı il tarixlərində Aydın Adnan Menderes Universitetinin ev sahibliyi ilə təşkil olunan “21-ci əsrdə Beynəlxalq Qadın Konqresi” elmi, mədəni və sosial istiqamətləri bir araya gətirən genişmiqyaslı platforma kimi diqqət çəkib. 11 ölkədən 500-dən artıq iştirakçının qatıldığı konqresdə təxminən 250 elmi məruzə təqdim olunub.
Konqres çərçivəsində Aydın Adnan Menderes Universitetinin rektoru Prof. Dr. Bülent Kent ilə Bakı Qızlar Universitetinin rektoru prof. Sevinc Rəhimova arasında keçirilən görüş xüsusi əhəmiyyət daşıyıb. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və gələcək layihələr üçün ilkin razılıqlar əldə olunub.
Konqresdə qadın mövzusu müxtəlif istiqamətlərdə – təhsil, səhiyyə, hüquq, iqtisadiyyat, incəsənət və sosial inkişaf kontekstində müzakirə olunub. Tədbir çərçivəsində həmçinin təlimlər, ustad dərsləri, elmi sessiyalar və mədəni proqramlar təşkil edilib.
Konqres yalnız elmi müzakirələrlə məhdudlaşmayaraq, zəngin mədəni proqramla da yadda qalıb. Musiqi çıxışları, sərgilər və yaradıcı təqdimatlar tədbirin beynəlxalq xarakterini daha da gücləndirib.
Beş gün davam edən konqres qadınların elmi və ictimai həyatda rolunun gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib. Tədbirin yekununda qəbul olunan nəticə sənədində qadınların qlobal miqyasda daha fəal iştirakının vacibliyi vurğulanıb.
09-04-2026
06-04-2026
06-04-2026
31-03-2026