10-03-2026
Bakı Qızlar Universitetində tələbələr üçün ailə və reproduktiv sağlamlıq mövzusuna həsr olunmuş maarifləndirici görüş təşkil olundu. Görüşdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İSİM şöbə müdiri müavini Zümrüd Kazımova iştirak etdilər.
Görüş çərçivəsində qonaqlar tələbələrə müasir dövrdə ailə institutunun qarşılaşdığı problemlər və onun cəmiyyətdə rolu, ailə planlaşdırılması, reproduktiv sağlamlıq və sağlam həyat tərzinin əhəmiyyəti barədə də ətraflı məlumat verdilər. Qeyd olundu ki, son illərdə cəmiyyətdə boşanmaların sayının artması, doğum göstəricilərinin azalması və ailə münasibətlərində yaranan çətinliklər ciddi sosial məsələlərdən biri kimi diqqət mərkəzindədir. Çıxışlarda gənclərin ailə həyatına hazırlığı, sağlam nəsil yetişdirilməsi və reproduktiv sağlamlığın qorunmasının vacibliyi xüsusi vurğulandı.
Görüş zamanı reproduktiv sağlamlıq anlayışı, ailə planlaşdırılmasının üstünlükləri, arzuolunmaz hamiləliyin qarşısının alınması, doğuşlararası müddətin tənzimlənməsi və valideynlərin sağlam və planlı şəkildə ailə qurmasının əhəmiyyəti haqqında məlumat təqdim olundu. Eyni zamanda, gənclərə sağlam həyat tərzi, tibbi müayinələrin vacibliyi, nikaha daxil olan şəxslərin tibbi müayinədən keçməsi və hamiləlik dövründə qadın sağlamlığının qorunması mövzularında geniş izahat verildi.
Təqdimat zamanı hamiləlik dövründə tibbi nəzarətin əhəmiyyəti, sağlam qidalanma, zərərli vərdişlərdən uzaq durma və ana sağlamlığının qorunması kimi məsələlər də müzakirə olundu.
Görüşün sonunda qonaqlar tələbələri maraqlandıran sualları ətraflı şəkildə cavablandıraraq gənclərə faydalı tövsiyələr verdilər.