23-02-2024
23 Fevral 2024-cü il tarixində Bakı Qızlar Universitetində Tələbə Elmi Cəmiyyətinin (TEC) ədəbi irsimizin qorunması istiqamətində "Sübhün Günəşi- Mirzə Fətəli Axundzadə" adlı növbəti seminarı keçirilmişdir.
Seminarı giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova M.F. Axundzadənin Azərbaycan xalqının inkişafına böyük təsirini vurğulamış, ədibin yaradıcılıq istiqamətlərindən bəhs etmişdir. Filologiya-tarix fakültəsinin dekanı Mirvari Akkoç, “Xarici dil” kafedrasının müəllimləri, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elmira Kənan, baş müəllim Şəhanə Həsənova, Filologiya-tarix fakültəsinin tələbələri , TEC-in sədri Aytac Zeynalova, A.Muradova, F. İsmayılzadə, N.Ziyadlı, N.Abdullayeva dahi mütəfəkkirin ədəbi irsi, maarifçilik görüşləri, bədii yaradıcılığı və fəaliyyəti barədə fikirlərini bölüşmüşlər.
Daha sonra M.F. Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının motivləri əsasında, 1976-cı ildə çəkilmiş "Dərviş Parisi partladır" filmindən bir parça təqdim olunmuşdur. Sonra seminar iştirakçıları dramaturqun əsərlərində toxunduğu problemlər ətrafında müxtəlif müzakirələr aparmışlar. Dekan M.Akkoç belə maarifləndirici seminarların mütəmadi keçirilməsinin tələbələrin elmi tədqiqatlara cəlb olunması istiqamətində müsbət təsirini vurğulamışdır.
Qeyd edək ki, Mirzə Fətəli Axundzadə — Azərbaycanın böyük mütəfəkkiri, Yaxın Şərq maarifçilik hərəkatının qabaqcıl nümayəndəsi, görkəmli ictimai xadim olmaqla yanaşı, Azərbaycan milli dramaturgiyasının, realist bədii nəsrin və ədəbi tənqidin banisi olmuşdur.