22-02-2024
1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi bütün dünyada böyük əks- səda doğurmuşdur. UNESKO tərəfindən Banqladeş səfirinin təşəbbüsü ilə 1999-cu ildən etibarən hər il fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir.
Bakı Qızlar Universitetində də Beynəlxalq Ana dili Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Bakı Qızlar Universitetinin rektoru prof. Sevinc Rəhimova, tədris işləri üzrə prorektor prof. Hava Abdullayeva, tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova, “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri dosent Yeganə Hacıyeva, müəllimlər və tələbələr iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Bakı Qızlar Universitetinin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova qonaqları salamlayaraq onları həm Beynəlxalq Ana Dili Günü, həm də “ Kitab Diskussiya Klubu”nun açılışı münasibətilə təbrik etdi. Sonra söz universitetin rektoru professor Sevinc Rəhimovaya verildi.
Prof. Sevinc xanım Ana Dilinin hər bir xalqın milli qürur mənbəyi, ata -babalarımızın bizə əmanət etdiyi müqəddəs sərvət olduğunu vurğulayaraq tələbələri təbrik etdi. O, Azərbaycan dilinin tarixindən, keçdiyi inkişaf yolundan, Şah İsmayıl Xətainin hakimiyyəti dövründə dövlət dili səviyyəsinə yüksəlməsindən, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövründə Azərbaycan dili ilə bağlı gördüyü işlərdən və daha sonra ulu öndər H.Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dilinə diqqət və qayğının artırılmasından, 1995-ci ildə Azərbaycan dilinin Azərbaycan Respublikası Konstitusiyasında qanuniləşdirilməsindən danışdı:
“Sevindirici haldır ki, Azərbaycan xalqı milli-mənəvi sərvəti olan ana dilini qoruyub saxlamış, nəsildən-nəsilə ötürmüş, tarixin müxtəlif dövrlərində sınaq qarşısında qalsa da, ona sahib çıxa bimişdir. Dil millətin mənəvi diriliyidir, ruhun qidasıdır -söyləmiş böyük ziyalımız Firidun bəy Köçərli! Ona görə xalqımızın bu tarixi günü qeyd etməyə haqqı var ”.
Rektorun çıxışından sonra Beynəlxalq Ana Dili Günü ilə bağlı videoçarx izlənildi.
Daha sonra söz tədris işləri üzrə prorektor Hava Abdullayevaya verildi.
Hava xanım çıxışında dilimizi nəinki sevmək, hətta, qorumaq lazım olduğunu, mənəvi zənginlik və təfəkkürün inkişafı üçün mütaliənin əvəzsiz rol oynadığını vurğuladı. Dr.Cavad Heyətin deyimində “Azərbaycan dili təfəkkürün dilidir” sitatını nümunə gətirərək ana dilimizi inkişaf etdirməyin hər bir azərbaycanlının müqəddəs borcu olduğunu tələbələrin diqqətinə çatdırdı.
Sonra “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri Yeganə Hacıyeva çıxış edərək milli dəyərlərimizlə yanaşı, ana dilimizin gözəlliyinin, saflığının qorunmasının mühümlüyünü qeyd etdi.
Tədbirin ikinci hissəsində tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova “Kitab Diskussiya Klubu”nun iştirakçılarının seçdiyi ilk kitab yazıçı- dramaturq Ağarəhim Rəhimovun “Duyğuların kabusu” əsəri” mövzusunda müzakirəni açıq elan etdi. Filologiya-tarix və Sosial-pedaqoji fakültələrinin tələbələri əsərin günümüzün reallığını əks etdirməsindən, əsərin əsas obrazı olan Ayazın başına gələnlərdən, kimsəsizlər evinə atılan uşaqların başına gətirilən oyunlardan, cəmiyyətin onlara laqeyd münasibətindən, sevgi və ailə dəyərlərinin əhəmiyyətindən danışaraq maraqlı debat apardılar.
Sonda tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova tələbələrə “Duyğuların kabusu” əsərinin müzakirəsində fəal iştirak etdikləri üçün təşəkkür etdi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024