01-11-2025
31 oktyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirildi.
Qeyd edək ki, Prezident İlham Əliyevin 21 fevral 2025-ci il tarixli sərəncamı ilə Xalq şairinin yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova və “Sosial-pedaqoji” fakültənin dekanı dosent İlahə Quliyeva çıxış edərək, Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığı, milli-mənəvi dəyərlərin qorunmasındakı rolu və pedaqoji fəaliyyətindən danışdılar.
Universitetin “Günəş” xor qrupunun ifasında musiqi nömrələri səsləndirildi,bədii qiraət nümunələri təqdim olundu.
Tədbirdə Bakı Qızlar Universitetinin Tələbə Elmi Cəmiyyətinin üzvləri Gülnur Manafova “Bəxtiyar Vahabzadənin yaradıcılığında qadın obrazı”, Səbinə Mehdili “Azərbaycançılıq ideologiyasının banisi – Bəxtiyar Vahabzadə”, Səma Əsədova “Bəxtiyar Vahabzadə yaradıcılığında azadlıq”, Zeynəb Qənizadə “Bəxtiyar Vahabzadə yaradıcılığında vətən mövzusu”, Şəhla Abbasova “Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında” mövzusunda cıxış etdilər.
Tədbir iştirakçıları böyük şairin əsərlərindəki azadlıq, vətən, insanlıq və milli kimlik ideyalarının bu gün də öz aktuallığını qoruduğunu vurğuladılar.
12-11-2025
11-11-2025
11-11-2025
10-11-2025