Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

27-06-2026

Xatirələrdə yaşayan alim, unudulmaz müəllim

Xatirələrdə yaşayan alim, unudulmaz müəllim

Xatirələrdə yaşayan alim, unudulmaz müəllim

                                     pedaqogika üzrə fəlsəfə doktoru, 

                            dosent Pərişan Həsənovanın xatirəsinə həs olunur

Bir neçə gündür ki, pedaqogika elminin dəyərli simalarından biri — pedaqogika üzrə fəlsəfə doktoru, dosent Pərişan Həsənova artıq aramızda yoxdur.

    Universitetimizin foyesinə hər daxil olanda onun xatirə guşəsindəki şəklinin önündən keçirəm. Heç kəsin eşitməyəcəyi səslə deyirəm: “Kaş o illərə qayıdardıq, səninlə bir imtahan prosesində iştirak edərdik. Fasilə vaxtı maraqlı müzakirələrimiz olardı. Və bu dəfə  söz verirəm, mütləq  səninlə razılaşardım.”

Onunla bağlı yaddaşıma həkk olunan bir neçə xatirə var.

Bakı Qızlar Universitetində Dövlət imtahanları gedirdi.  Məktəbəqədər təhsil ixtisası üzrə təhsil alan tələbələrimizdən biri  imtahan sualı əsasında ana ilə uşaq arasındakı bağlılıqdan danışarkən qeyd etdi ki, uşaq təxminən bir yaşından sonra anasını tanıyır və onunla münasibət qurmağa başlayır.  İmtahan komissiyasının üzvü Pərişan müəllimə dərhal bu fikrə münasibət bildirdi və özünəməxsus həssaslıqla dedi:

“Qızım, uşaq anasını bir yaşında yox, elə ana bətnində ikən tanıyır. Ana hamilə olduğu andan etibarən körpəsi ilə sevgi və qayğı ilə danışmalıdır. Çünki şəxsiyyətin təməli məhz həmin dövrdən formalaşmağa başlayır. Onunla sevincini də, kədərini də bölüşməlidir. Ananın emosional vəziyyəti, səsi, musiqi, sevgi və qayğı onun inkişafına təsir göstərir. Axı, uşaq hər şeyi  hiss edir.”

Rus elmi pedaqogikasının banilərindən biri hesab olunan Konstantin Dmitriyeviç Uşinski deyirdi ki, uşaq hələ iki yaşında belə artıq bir şəxsiyyətdir və hər bir uşağa fərdi yanaşmaq lazımdır. Pərişan müəllimənin fikrincə, uşaq şəxsiyyətinin formalaşması doğulduğu gündən deyil, ana bətnindən başlayırdı. Onun dediyi bu  sözlər yaddaşıma silinməz şəkildə həkk olundu.

Bir başqa söhbətimiz də heç zaman  yadımdan çıxmır. Mən demişdim ki, xarici ölkələrdə  insanlar küçədə  tanışlarla  rastlaşarkən, onları müşayiət edən  dost, qohum və ya kolleqalarının sadəcə adı və soyadı ilə təqdim edir, elmi dərəcələri və ya hansısa statusu varsa onu  xüsusi olaraq  vurğulamırlar. Onların düşüncəsinə görə  ki, əsas insanın özüdür.

Pərişan müəllimə isə bu fikirlə razılaşmadı. O dedi:

“Əgər insan professor, dosent, müəllim və ya həkimdirsə, təqdimat zamanı bunu demək lazımdır. Bu, təkcə həmin şəxsə deyil, onun elmə, zəhmətə və ömrünü həsr etdiyi peşəyə göstərilən hörmətin ifadəsidir.”

O zaman bu fikrin üzərində çox düşünməmişdim. Amma bu gün anlayıram ki, Pərişan müəllimə nə qədər haqlı imiş. Elmi adlar sadəcə titul deyil — illərlə çəkilmiş zəhmətin, elmə xidmətin və cəmiyyət qarşısında məsuliyyətin göstəricisidir.

Bəs onu yaxından tanıyan həmkarları, dostları və tələbələri Pərişan müəllimə haqqında nə deyirlər? İndi isə onların xatirələrini dinləyək.

BQU tədris işləri üzrə prorektor professor  Havva  Abdullayeva:

   Məkanı cənnət olsun. Bu acı xəbərdən çox sarsıldım. Mənimlə daim dərdləşir, problemlərini bölüşürdü. Xəstələnəndə ona daim motivasiya verir, xəstəliyi barədə əsla düşünməməyi tövsiyə edirdim. İnandırırdım ki, minlərlə sənin kimi xəstələnən sağalıb, sən də sağalacaqsan. Əməliyyatdan sonra ona deyirdim ki, keçmişi yadından çıxart, həyata yenidən gəldiyini düşün və yaşamağa çalış. Qulaq asır və gülümsəyirdi.

Pərişan xanıma yeganə övladının xeyir işini görmək, nəvə oynatmaq nəsib olmadı — çox təəssüf! Ömərin taleyi üçün çox narahat idi. Onun uğurlarını görmək, gələcəyindən əmin olmaq istəyirdi...

Pərişan xanım onu tanıyanların yaddaşında səmimi və dürüst insan, zəhmətkeş alim, müəllim və tədqiqatçı kimi yaşayacaq. O, mərd və açıqsözlü olmaqla bərabər, xeyirxahlığı ilə də seçilirdi. Təcrübəli mütəxəssis kimi məsləhətini və köməyini heç kəsdən əsirgəməzdi. Həmkarlarına, gənc tədqiqatçılara, magistrantlara əlindən gələni edirdi. Pərişan xanımın adını dostları və əzizləri ilə bərabər, qələminin məhsulu olan elmi irsi də yaşadacaq, unudulmağa qoymayacaq. Allah qəni-qəni rəhmət eləsin. Yaxınlarına, əziz övladı Ömərə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Bakı Qızlar Universitetinin tədris şöbəsinin rəhbəri Ulduz Qazvini:

İnsan hər şeyi tərsinə edir. Tez böyüməyə tələsir, sonra uşaqlığının həsrətini çəkir. Pul üçün sağlamlığını verir, sonra sağlamlıq üçün pul xərcləyir. Gələcəyi səbirsizliklə gözləyir, indiyə məhəl qoymur və beləcə nə indiyə, nə də gələcəyə sahib olur. Elə yaşayır ki, sanki heç vaxt ölməyəcək; elə ölür ki, sanki heç yaşamayıb. Allah rəhmət etsin!

Tələbə Alagöz Şabanova (psixoloq):

Allah rəhmət eləsin! Çox xarakterli, sərt, idealist, eyni zamanda ədalətli və mərhəmətli insan idi. Sözünü əsirgəməyən, doğru bildiyini sonuna qədər müdafiə edən, tələbkar müəllim idi. Onunla tanışlığımızda biz tələbələr başda çox qorxmuş, zamanla onu tanımış və anlamışdıq. Məzun olduqdan sonra da hər qarşılaşdığımızda onunla söhbət etməkdən doymurdum. Kitab kimi qadın idi — hər dediyini qeydə almaq istəyirdim.

Bizə dediyi o məsəl heç yadımdan çıxmır. “Dörd cür insan var,” — deyərdi:

İnsan var bilir və bilir ki, bilir — ondan bərk yapış.

İnsan var bilmir və bilir ki, bilmir — onu öyrət.

İnsan var bilmir, amma elə bilir ki, bilir — ondan uzaq qaç.

İnsan var bilir, amma bilmir ki, bilir — onun gözünü aç.

Pərişan müəllim bildiyini axıra kimi müdafiə edən, bilmədiyini də dürüstcə deyə bilən insanlardan idi.

Mingəçevir Dövlət Universiteti pedaqoji fakültənin dekan müavini, filologiya elmləri doktoru, professor Flora Namazova:

Dəyərli alim, gözəl insan, daim üzü gülən bacımız Pərişanı itirmək hamımız üçün ağır itkidir.

Mən Pərişan müəllimlə 2002-ci ildən tanış olmuşam. Həmin ildən dostluğumuz başladı və illər keçdikcə bu dostluq daha da möhkəmləndi. Deyirlər ki, insanı tanımaq üçün onu çətin gündə görmək lazımdır. Mən də Pərişanı məhz dar gündə tanıdım. Həmin günlərdə onun necə mərd, necə etibarlı və fədakar insan olduğunu gördüm. O, dar gündə insanın yanında olan, dostluqda sədaqətli, mərd və etibarlı bir insan idi.

Pərişan müəllim zəhmətkeş alim, qayğıkeş ana, səmimi dost idi. Xəstə olduğu dövrdə belə ağrılarını gizlədir, ətrafındakı insanları narahat etməməyə çalışırdı. Qonaqpərvərliyi, xeyirxahlığı və insanlara olan sevgisi hər zaman yaddaşımızda qalacaq.

Mən harada oluramsa olum, Bakıya gələndə məni ilk qarşılayanlardan biri Pərişan idi. Harada köməyə ehtiyacım olubsa, ona müraciət etmişəm.

O, yaxşılıq etməyi özünün mənəvi borcu hesab edirdi. “Bilmərəm”, “edə bilmirəm” kimi sözlər onun həyatında yox idi.

Mənim əziz dostum artıq əbədiyyətə qovuşub. Amma onun insanlığı, xeyirxahlığı, zəhmətkeşliyi və dostluğa sədaqəti yaddaşımızdan heç vaxt silinməyəcək.

Allah ona qəni-qəni rəhmət eləsin. Oğlu Ömərə sağlam və xoşbəxt ömür arzulayıram. Əziz dostum, kaş oğlunun toyunu görəydin... Sənin xatirən həmişə yaşayacaq.

Mingəçevir  Dövlət Universitetinin Humanitar  fənlər kafedrasının  dosenti Rahilə  Məmmədova:

Pərişan müəllim haqqında nə qədər gözəl söz deyilsə, hamısına layiq idi. O, ömrünü elmə, təhsilə və insanların maariflənməsinə həsr etmiş böyük bir ziyalı idi.

1986-cı ildən birlikdə çalışmışıq. O, daim mənə inkişaf etməyi tövsiyə edir, ali məktəbdə işləməyim üçün böyük dəstək verirdi. Dostlarının uğurunu öz uğuru hesab edirdi. Maraqlıdır ki, mənim də ata soyadım Həsənova idi. O, həmişə gülümsəyərək deyirdi: “Rahilə, biz bacıyıq, soyadımız birdir.” Sonralar mən soyadımı dəyişsəm də, o zarafat və səmimiyyət heç vaxt unudulmadı.

Məktəbəqədər təhsil sahəsində verdiyi açıq məşğələlər, ali məktəbdə tələbələrə göstərdiyi qayğı və elmi fəaliyyəti onu hamının sevimlisinə çevirmişdi. Gecə-gündüz işləyər, magistrantlarının uğuru üçün əlindən gələni əsirgəməzdi. Deyirdi: “Onlar mənə inanıb gəliblər, mən də onlara əlimdən gələn köməyi etməliyəm.” Tələbələrinin uğuru onun üçün ən böyük sevinc idi

Pərişan müəllimin xeyirxahlığını sözlə ifadə etmək həqiqətən çox çətindir. Elmi və rəsmi işlərlə bağlı ona müraciət edən kimi dərhal hərəkətə keçər, işi vaxtında həll edərdi. Xəstə olduğu vaxtlarda belə öz ağrılarını unudaraq başqalarına kömək edirdi. Biz Mingəçevirdən zəng edəndə dərhal  Bakıda aidiyyəti şəxslərlə əlaqə saxlayar, məsələni gecikdirmədən həll edərdi.

Xəstə olduğu dövrdə belə, öz ağrılarını düşünmürdü. Biz ona “özünü qoru, işi sonra edərik” desək də, razı olmurdu. Deyirdi: “Bu nə sözdür? Mən buradayamsa, bu işi görməliyəm.” O, son nəfəsinə qədər məsuliyyət hissi ilə yaşayan insan idi.

Mən həmişə deyirəm ki, Pərişan müəllim evdən gedən alim deyil, eldən gedən alim idi. Onun itkisi yalnız ailəsinin deyil, bütün elmi mühitin, həmkarlarının, tələbələrinin və dostlarının itkisidir.

Son dəfə onunla danışanda səsində yorğunluq hiss olunurdu. Mən dedim: “Pərişan, haqqını bizə halal elə.” O isə yenə özünü yox, başqalarının işini düşünürdü. Həmişə olduğu kimi, kimə necə kömək edəcəyindən danışırdı.

Onun haqqında tələbələri, həmkarları və dostları yalnız yüksək fikirlər söyləyirdilər. Bu hörməti o, insanlığı, zəhməti və səmimiyyəti ilə qazanmışdı.

“Əziz Pərişan, Allah sənə qəni-qəni rəhmət eləsin. Sənin nurlu xatirən qəlbimizdə daim yaşayacaq!”

***

Əlbəttə, Bakı Qızlar Universitetini doğma evi bilən Pərişan müəllimə haqqında   ürək sözləri olan yüzlərlə müəllim və tələbə var. Biz ancaq bir neçəsini qeydə aldıq. 

        Bu gün  xatirə guşəsində Pərişan müəllimənin qara çərçivəyə salınmış şəklini görərkən illər öncəki söhbətimizi xatırlayıram. Ayaq saxlayıb böyük ehtiramla deyirəm :

“Məkanın cənnət olsun, elm fədaisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Pərişan Həsənova”

  Çünki o, yazdığı kitablarla, yetişdirdiyi tələbələrlə, elmi fəaliyyəti və insanlığı ilə bu ehtiramı tam mənası ilə qazanmış bir alim idi.

 

Elmira Kənan 

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri

Bakı Qızlar Universiteti

 

Digər xəbərlər

Bütün xəbərlər