30-01-2024
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Bu münasibətlə Bakı Qızlar Universitetində dövlət başçısının sərəncamından irəli gələn “Məhəmməd Əmin Rəsulzadə -140" adlı tədbir yubileyi təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Sonra Bakı Qızlar Universitetinin rektoru professor Sevinc Rəhimova M.Ə. Rəsulzadənin keçdiyi həyat yolu haqqında, uzun illər mühacirət həyatı yaşamasına baxmayaraq Azərbaycanla əlaqələrini kəsmədiyini, vətəninin müstəqilliyi uğrunda fəaliyyətini davam etdirdiyini söylədi: ” Bu dahi şəxsiyyət “Bir kərə yüksələn bayraq bir daha enməz” deyərək şanlı tariximizə öz imzasını atıb. M.Ə.Rəsulzadə “Can, can Azərbaycan” deyəndə insanın içində sanki bir vulkan püskürür. Azərbaycanı canı, qanı bahasına qorumağa çalışan bu şəxsiyyət ölüm yatağında üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan! sözlərini işlədərək müstəqil Azərbaycan arzusu ilə dünyasını dəyişmişdir ”.
Sevinc xanım öz çıxışında M.Ə. Rəsulzadənin vətənə bu qədər bağlı və sədaqətli olduğunu dilə gətirərək damarlarından azərbaycanlı qanı axan vətəndaşlarımızın onu unutmağa haqqı olmadığını və onun bizlərə qoyub getdiyi Azərbaycan dövlətinin əbədi və sarsılmaz olduğunu vurğuladı.
Sevinc xanımın çıxışından sonra M.Ə.Rəsulzadənin taleyindən ibarət qısa videoçarx izlənilib. Filmdən sonra söz Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Əzizağa Ələkbərliyə, dosent İlham Məmmədliyə verilib. Çıxışlarda bildirilib ki, cümhuriyyət qurucularının həyatı faciəli sonluqla bitsə də, belə yüksək istedadlı, savadlı şəxsiyyətlər vətənin və millətin mənafeyini hər şeydən üstün tutublar. BQU-nun Tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova çıxış edərək M.Ə.Rəsulzadənin nitqini səsləndirib. Filologiya -tarix fakültəsinin müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələri bayrağımızı tərənnüm edən şeirlər səsləndiriblər.
Tədbir BQU-nun xor qrupunun ifası ilə yekunlaşıb.
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024