
Bakı Qızlar Universitetində “Psixologiya” kafedrasının təşəbbüsü ilə “Müasir psixologiyanın aktual problemləri” mövzusunda seminar keçirmişdir. Seminarda universitetin rektoru prof. S.Rəhimova, prorektor, prof. H.Abdullayeva, tədris şöbəsinin müdiri dos.U.Qəzvini, “Psixologiya” kafedrasının müdiri, dos.N.Rzayeva, eləcə də universitetin müəllim və tələbə heyəti iştirak etmişlər.
Tədbiri universitetin rektoru prof.S.Rəhimova açmışdır. Bu kimi tədbirlərin tələbələrin təhsilində və müasir elmin incəliklərinə yiyələnməsində mühüm rol oynaması ilə yanaşı, gündəlik həyatımızda üşləşə biləcəyimiz mümkün situasiyalarda da özümüzü düzgün idarə edə bilməyimiz və başqalarına kömək ola biləcəyimiz baxımından əhəmiyyətini vurğulamışdır.
Tədbirin birinci hissəsi “Tiklər, yaranma səbəbləri və korreksiyası“ mövzusuna həsr olunmuşdur. P-19 qrupunun tələbələri Aydan Əhmədli, Nərminə İmanova, Aysu Hüseynova və Rəhmiyyə Həsənova müzakirə olunan problemlə bağlı geniş təqdimat etmişlər. Sonra isə tədbir iştirakçılarının suallarını cavablandırmışlar. İkinci hissədə müasir dövr üçün aktual olan digər mühüm problem – “Ailədə, məktəbdə və cəmiyyətdə baş verən zorakılıqlar və onlarla mübarizə” adlı müzakirə edilmişdir. Bu problemlə bağlı tələbələrdən Ceyran Həsənova, Fatimə Babayeva, Afaq Məmmədova və Ətayə Əsgərova ətraflı məlumat vermişlər.
Tədbirin sonunda universitetin prorektoru, prof. H.Abdullayeva və tədris şöbəsinin müdiri, dos. U.Qəzvini çıxış etmişlər, müzakirə olunan məsələlərlə bağlı geniş diskussiya aparılmışdır.