19-01-2024
Bakı Qızlar Universitetində 20 Yanvar Ümumxalq Hüzn Gününün 34-cu ildönümünə həsr olunan anım tədbiri keçirildi.
Tədbirdən öncə 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Daha sonra Bakı Qızlar Universitetinin rektoru professor Sevinc Rəhimova tədbiri giriş sözü ilə açaraq 20 Yanvar hadisələrinin müstəqillik tariximizdə oynadığı mühüm rolundan bəhs etdi. O, bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək, xalqımızın yenilməzliyini, qəhrəmanlığını,Vətənə, torpağa sədaqətini bütün dünyaya nümayiş etdirdi.
Sonra Tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova Sovet hərbi hissələrinin Azərbaycan xalqına qarşı xüsusi vəhşiliklə törətdiyi terror aktından 34 il ötdüyünü, Azərbaycan xalqının tarixi yaddaşına həkk olunan bu faciəni heç zaman unutmayacağını vurğuladı. Söz Tarix kafedrasının müdiri dosent Əzizağa Ələkbərliyə verildi. O, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror olduğunu bildirərək tariximizdə yaşanmış Bərdə faciəsi, Göytəpə savaşından, Qazaxıstanda baş verən qanlı hadisələrdən,bir sözlə sovet imperiyasının türkdilli dövlətlərə qarşı amansız siyasətindən bəhs etdi.
Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Neftçalada 20 Yanvar faciəsi ilə bağlı şahidi olduğu hadisələri tələbələrlə bölüşdü. O, bədxah və mənfur qonşular üzündən ölkəmizdə baş verən faciələrə baxmayaraq Azərbaycan xalqının gələcək tariximizin uğurlu səhifələrini yazmağa qadir olan qəhrəman bir xalq olduğunu vurğuladı.
Daha sonra söz tələbələrə verildi. Xüsusilə, filologiya fakültəsinin tələbəsi Zeynalova Aytac, sosial-pedaqoji fakültənin tələbələri Həsənova Həmidə və Cəfərova Röya fəal çıxış etdilər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024