21 yanvar 1967-ci ildə Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. 1975–1985-ci illərdə Əmirvarlı kənd orta məktəbində təhsil almış, 1987–1992-ci illərdə Azərbaycan Dillər Universitetində ingilis-alman dilləri fakültəsində ali təhsilini başa vurmuşdur.
Əmək fəaliyyətinə 1992–1993-cü illərdə Əmirvarlı kənd orta məktəbində müəllim kimi başlamışdır. 1994-cü ildən etibarən Azərbaycan Dillər Universitetində laborant, baş laborant, müəllim və baş müəllim vəzifələrində çalışmış, 2013-cü ildən dosent elmi adı ilə fəaliyyətini davam etdirmişdir. 2024-cü ildən etibarən Azərbaycan Dillər Universitetində professor kimi fəaliyyət göstərir.
2007–2012-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasında təhsil almış, 2011-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2013–2017-ci illərdə həmin institutda doktoranturada təhsilini davam etdirmişdir. 2022-ci ildə ADU-nun Müdafiə Şurasında german dilləri üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmiş, 2023-cü ildə AAK-ın qərarı ilə elmlər doktoru elmi dərəcəsi təsdiq olunmuşdur. 2024-cü ildə ADU tərəfindən ona professor elmi adı verilmişdir.
Elmi fəaliyyəti əsasən german dilləri, müqayisəli-tipoloji dilçilik və ümumi dilçilik sahələrini əhatə edir. Müxtəlif yerli və beynəlxalq elmi tədbirlərdə iştirak etmişdir. 2016-cı ildə Bakıda keçirilmiş “Azərbaycanda multikulturalizmin inkişafı” və “Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzularında beynəlxalq konfransların iştirakçısı olmuş, 2017-ci ildə isə ABŞ-ın Çikaqo şəhərində “The variability in English” adlı beynəlxalq simpoziumda elmi məruzə ilə çıxış etmişdir.
İngilis, alman, rus və türk dillərini mükəmməl bilir. Müxtəlif beynəlxalq təlim və proqramlarda iştirak etmiş, Cambridge Universitetinin Teaching Knowledge Test, British TESOL proqramı, IELTS və Academic English üzrə sertifikatlar əldə etmişdir. Bir neçə elmi məqalələr və kitabların müəllifidir.
2025-ci ildən Bakı Qızlar Universitetinin “Xarici Dillər ”kafedrasında professor vəzifəsində çalışır.