1959-cu il aprel ayının birində Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur.
1976-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Filologiya” fakültəsində təhsil almışdır. 1982 – 1987-ci illərdə Saatlı şəhər 3 nömrəli orta məktəbində ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı, təlim-tərbiyə işləri üzrə direktor müavini, direktor vəzifələrində işləmişdir.
1988-1998-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun “Azərbaycan dilinin tədrisi metodikası” şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamış, 1998-ci ilin may ayınadək həmin şöbədə baş elmi işçi, aparıcı elmi işçi fəaliyyət göstərmişdir.
1992-ci ildə “Azərbaycan dili dərslərində linqvistik eksperiment priyomundan istifadə təlim prosesini optimallaşdırmağın vasitələrindən biri kimi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.
1998-ci ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasına dekan vəzifəsinə dəvət olunmuş, 2011-ci ilin sentyabr ayınadək Bakı Qızlar Universitetində (əvvəlki Bakı Ali Pedaqoji Qızlar Seminariyasında) “Sosial-iqtisadi” və “Filologiya-tarix” fakültələrində dekan, 2011-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunda “Pedaqoji” fakültənin dekanı vəzifəsində işləmişdir.
H.Q.Abdullayeva orta ümumtəhsil məktəblərinin 2-ci, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci sinifləri üçün “Azərbaycan dili” (Dövlət dili kimi) dərslik komplektinin müəllifidir.
H.Q.Abdullayeva bir sıra elmi-metodik və publisistik məqalələrin, eləcə də ali məktəblərin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üçün “Azərbaycan dilindən praktikum”, “Müasir Azərbaycan dili” və “Azərbaycan dilinin tədrisi metodikası” fənn proqramlarının müəllifidir.
2014-cü ilin fevral ayından Bakı Qızlar Universitetinin tədris işləri üzrə prorektorudur.