Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Abdullayeva Hava Qara qızı

TƏDRİS İŞLƏRİ ÜZRƏ PROREKTOR
havaabdullayeva@bqu.edu.az
(012) 494 69 86

      Biografiya

 Abdullayeva Hava Qara qızı 1959-cu il aprel ayının birində Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur.

       1976-cı ildə Daş Salahlı kənd 2 nömrəli orta məktəbini bitirmişdir.  Həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Filologiya” fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin fakültəni filoloq,  Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə  bitirmişdir. Azərbaycan Respublikası Maarif  Nazirliyinin təyinatı ilə  Saatlı rayonuna göndərilmiş, 1982 – 1987-ci illərdə Saatlı şəhər 3 nömrəli orta məktəbində ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı, təlim-tərbiyə işləri üzrə direktor müavini, direktor vəzifələrində işləmişdir. 1987-ci ilin sentyabr ayında öz ərizəsi ilə rayon müəllimliyindən və tutduğu  vəzifədən azad olunmuşdur.

1988-ci ilin yanvar ayından Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun “Azərbaycan dilinin tədrisi metodikası” şöbəsində kiçik  elmi işçi kimi fəaliyyətə başlamış, 1998-ci ilin may ayınadək həmin şöbədə  baş elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmişdir.

1988-ci ildən Azərb.ETPEİ-nin “Azərbaycan dilinin tədrisi metodikası”  şöbəsinin dissertantı olmuş və 1992-ci ildə  “Azərbaycan dili dərslərində linqvistik eksperiment priyomundan istifadə təlim prosesini optimallaşdırmağın vasitələrindən biri kimi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

1998-ci ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasına dekan vəzifəsinə dəvət olunmuş, 2011-ci ilin sentyabr ayınadək  Bakı Qızlar Universitetində (əvvəlki Bakı Ali Pedaqoji Qızlar Seminariyasında)  “Sosial-iqtisadi” və “Filologiya-tarix”  fakültələrində  dekan kimi fəaliyyət göstərmişdir.

2011-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunda “Pedaqoji” fakültənin dekanı vəzifəsində işləmişdir.

  H. Abdullayeva orta ümumtəhsil məktəbləri üçün bir neçə dərsliyin müəllifidir: 1991-ci ildə təlim rus dilində olan orta ümumtəhsil məktəblərinin 2-ci sinfi üçün  “Azərbaycan dili”  dərsliyi  “Maarif” nəşriyyatında çap olunmuşdur.  1995-ciildə həmin dərslk yenidən işləmiş  və bu dərslik 2009-cu ilədək “Maarif” , “7 gün”, “XXI əsr” nəşriyyatları tərəfindən müxtəlif illərdə təkrar nəşrlə çap olunmuşdur.

2007-ci ildə təlim gürcü dilində olan məktəblərin 2-ci sinfi üçün “Azərbaycan dili” dərsliyini hazırlamış və bu dərslik “Aspoliqraf” nəşriyyatında çap olunmuşdur.

2009-cu ildə yeni fənn kurikulumu əsasında təlim rus dilində olan orta ümumtəhsil məktəblərinin 2-ci sinfi, 2011-ci ildə isə 4-cü sinifləri üçün hazırlanmış “Azərbaycan dili” dərslik komplektləri (dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri) müsabiqədən keçərək “Kövsər” nəşriyyatında çap olunmuş və məktəblilərin istifadəsinə verilmişdir.

2012-ci ildə təlim rus dilində olan orta ümumtəhsil məktəblərinin 5-ci, 2013-cü ildə 6-cı, 2014-cü ildə isə 7-ci, 2015-ci ildə 8-ci sinifləri  üçün “Azərbaycan dili” dərslik komplektinin hazırlanmasında  əsas müəllif olmuşdur.  Dərslik və müəllim üçün metodik vəsaitlər, həmçinin 2, 4 və 5-ci siniflər üçün İş dəftərləri “Kövsər” nəşriyyatında nəşr edilmiş  və məktəblilərin istifadəsinə verilmişdir.

         H.Q.Abdullayeva bir sıra elmi-metodik və publisistik məqalələrin, eləcə də ali məktəblərin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üçün “Azərbaycan dilindən praktikum”, “Müasir Azərbaycan dili” və “Azərbaycan dilinin tədrisi metodikası” fənn  proqramlarının müəllifidir.

      H.Abdullayeva 2014-cü ilin fevral ayından Bakı Qızlar Universitetinin tədris işləri üzrə prorektorudur.

 

(012) 494 69 86

14 Möhsün Sənani, Bakı 1078

info@bqu.edu.az

UNİVERSİTET