Qaliblər mükafatlandırılmışdır

Bakı Qızlar Universitetində bu təhsil müəssisəsinin tələbə həyatı ilə daha yaxından tanışlıq məqsəd üçün birinci kurs tələbələri ilə görüş keçirilmişdir.

Universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Rəhimova universitetdə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının  əsas  istiqamətləri haqqında ətraflı məlumat vermiş, tələbələrimizin bu təşkilatlarda fəaliyyətinin məntiqi nəticəsi kimi onların təkcə universitetdaxili deyil, həm də rayon və respublika miqyaslı yarışlarda bir qayda olaraq yüksək nəticələr qazandıqlarını xüsusi qeyd etmişdir.

Elmi işlər üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli Tələbə Elmi Cəmiyyətinin tədbirlərində fəal iştirak etməklə tələbələrimizin elmi-tədqiqat sahəsində qazandıqları uğurlardan ətraflı söhbət açmışdır.

Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Kamal Kamalov təşkilatın sonuncu — “Mədəniyyətlərarası dialoq və Azərbaycan gəncliyi” mövzusunda keçirilən XXIII konfransının nəticələri haqqında ətraflı məlumat vermişdir. Tədbirin sonunda konfransda fərqlənənlərə və bir qrup fəal tələbəyə fəxri fərmanlar təqdim edilmişdir.