“Onun arzuları, istəyi və ideyaları ilə fəxr edirik”

“Hacı Zeynalabdin Tağıyev böyük şəxsiyyətdir, xalqımızın fəxridir. O, elə bir möhtəşəm insandır ki, onun haqqında bəzi şeyləri deməyə özümdə cəsarət hiss etmirəm. Onun Bakı Qızlar Məktəbini açması çox böyük tarixi hadisədir. Şəxsiyyəti, mənliyi, qüruru imkan verdi ki, o, belə bir cəsarətli bir addım atdı və xalqın tarixində öz missiyasını ləyaqətlə yerinə yetirdi”

Bunu Moderator.az-a açıqlamasında Bakı Qızlar Universitetinin professor, yazıçı Ağarəhim Rəhimov xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında danışarkən deyib. Professor bu gün də H.Z.Tağıyev ənənəsini ləyaqətlə davam etdirdiklərini bildirib:

“Mən bir azərbaycanlı, müasir dövrün insanı, vətəndaşı kimi bu gün də onun fəaliyyəti qarşısında baş əyirəm. Onun çox böyük xidmətləri var. O, ibtidai sinif həcmində 1906-cı ildə Bakı Qızlar Məktəbini açdı və çox təəssüflər olsun ki, 1911-ci ildə Çar hökuməti onu bağlayıb. Bu da şübhəsiz ki, Çar hökumətinin özünün irəli sürdüyü ideologiyaya, qarşıya qoyduğu məqsədlərə müvafiq olub. Ona görə də dörd il məktəb fəaliyyət göstərib və iş o yerə gəlib çatıb ki, müəllimlər qızların əlindən tutub məktəbə gətiriblər. Bu isə çox böyük şərafətdir, ləyaqətdir. Bunu sözlə ifadə etmək çox çətindir. H.Z.Tağıyevin məktəbi həm müəllimləri, həm də qızlarımızı, xanımlarımızı maarifləndirməyə xidmət edirdi və bu isə çox böyük ilahi bir iş idi”. 

Professor daha sonra Bakı Qızlar Universitetini yaratmalarının tarixindən danışıb:

“Biz isə 1992-ci ildə Qızlar Məktəbini seminariya adıyla ali təhsil statusuyla yaratdıq. Bu il artıq onun yaranmasının otuzuncu ili tamam olacaq. Bu otuz ildə biz son dərəcə çalışmışıq ki, ləyaqətlə xidmət göstərək. Bu illər ərzində tələbələrimizə xüsusi məzmun hazırlayaraq təqdim etmişik. Ondan sonrakı müddətdə də ləyaqətlə işlərimizi yerinə yetirməkdə davam edirik”. 

 

A.Rəhimovun sözlərinə görə bizim təcrübədən yararlanaraq Qızlar Məktəbi ənənəsi digər ölkələrdə də yaranmağa başlayıb:

“Daha sonra Belarusiyadan gəlib bizim məktəbin sənədlərini götürüb orda Qızlar Məktəbi açdılar. Bunun ardınca Özbəkistandan gəlib bizdən sənədləri apardılar. Qazaxıstanda da Qızlar Məktəbi açılıb. Beləliklə, SSRİ məkanında Bakı Qızlar Məktəbinin açılmasıyla bağlı ilk addım Azərbaycan Respublikasında atılıb. Bu dövr ərzində də hesab edirəm ki, bizim universitet xanımlara layiq, ləyaqətlə öz davranışını qura bildi və bu gün də çox yaxşı fəaliyyət göstərir. Şübhəsiz ki, bizim universitetin də nüvəsində H.Z.Tağıyevin xidmətləri var. Çünki o nüvə ordan gəlir. Artıq Yaponiyada da Qızlar Məktəbi açıldı. Amerikada Qızlar Kolleci var və Barak Obamanın qızlarının ikisi də o kolleci bitirib. Almaniyada və Fransada Qızlar Seminariyası var. Qahirədə əlli min kontingenti olan Qızlar Məktəbi var. İranda Qızlar darülfünun var. Səudiyyə Ərəbistanında yüz əlli minlik Qızlar Universiteti var. 

 

Bu gün özüm də bütün bunlara görə H.Z.Tağıyevə minnətdaram və ruhuna rəhmət diləyirəm və alqışlayıram ki, Azərbaycanın tarixində belə bir kişi olub və illər keçsə də bu gün də onun ənənəsini yaşadırıq. Onun arzuları, istəyi və ideyalarıyla fəxr edirik”. 

 

Qeyd edək ki, bu gün azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin vəfat günüdür. 

Vasif Əlihüseyn

 

istinah: http://moderator.az/cemiyyet/392139/onun-arzulari-isteyi-ve-ideyalari-ile-fexr-edirik/